AFFA rəsmisi: "Qarabağ"ın ən azı 1 xalla Azərbaycana dönəcəyinə inanıram"

Futbol
  • 25 noyabr, 2025
  • 12:58
AFFA rəsmisi: Qarabağın ən azı 1 xalla Azərbaycana dönəcəyinə inanıram

"Qarabağ" UEFA Çempionalr Liqasının Liqa mərhələsinin V turunda bu gün səfərdə qarşılaşacağı "Napoli" ilə oyundan 1 xalla qayıda bilər.

Bunu "Report"a açıqlamasında AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.

Mütəxəssis Ağdam klubunun UEFA Çempionlar Liqasında özünü çox yaxşı tərəfdən göstrədiyini vurğulayıb:

"Öncə "Qarabağ"a uğurlar arzulayıram. UEFA Çempionlar Liqasında bir çox komandadan daha yaxşı çıxış edir, şanslar qazanır. "Napoli" səviyyəsində rəqiblərlə başabaş mübarizə aparır. İnanıram ki, komanda bu gün İtaliya klubuna qarşı da çəkinmədən oynayacaq və özündə güc tapacaq. "Napoli" öz meydanında oynayacaq, xallara ehtiyacı var. Amma "Qarabağ"ın ən azı 1 xalla Azərbaycana dönəcəyinə inanıram".

AFFA rəsmisi İtaliya klubu ilə görüşdə "Qarabağ"ın öz oyun üslubundan əl çəkməyəcəyini düşünür:

"Qarabağ"ın bir oyun üslubu var və həmişə ona üstünlük verir. Çalışır ki, rəqibi öz qapısından daha uzaqda qarşılasın. Amma onların hər biri komandamızdan üstündür. Belədə rəqibin sənə nə qədər imkan verməsindən də çox şey asılıdır. Buna baxmayaraq, "Qarabağ" heç vaxt müdafiə futbolu oynamır, kəsərli hücumlar qurmağa çalışır. "Napoli" ilə matçda istərdim ki, şans da bir qədər "Qarabağ"ın yanında olsun. Bu, böyük amildir, çünki belə təcrübəli rəqiblərlə görüşlərdə fürsətləri dəyərləndirmək lazımdır. "Qarabağ"ın öz üslubundan əl çəkməyəcəyini düşünürəm. Bunu "Atletik"lə oyunda da gördük. İlk dəqiqələrdən hücum futbolu sərgiləyirdi. Sonradan rəqib təzyiqi artırdı və qələbə qazandı".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 00:00-da Neapoldakı "Stadio Diego Armando Maradona" stadionunda start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti