AFFA rəsmisi: "Klublarla görüşün məqsədi ehtiyacların təhlili və dəstək prosesinə başlanmasıdır"

Futbol
  • 24 noyabr, 2025
  • 15:26
AFFA rəsmisi: Klublarla görüşün məqsədi ehtiyacların təhlili və dəstək prosesinə başlanmasıdır

AFFA ilə Premyer Liqada çıxış edən klubların lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə görüşün əsas məqsədi lisenziyalaşdırılma çərçivəsində akademiyaların inkişafı üzrə ehtiyacların təhlili və dəstək prosesinə başlanılmasıdır.

Bunu "Report"a açıqlamasında qurumun Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli deyib.

O, bir neçə gün əvvəl keçirilmiş görüşlə bağlı məlumat verib:

"İclasın əsas məqsədi klubların lisenziyalaşdırılması çərçivəsində akademiyaların inkişafı üzrə ehtiyacların təhlili və dəstək prosesinə başlanılmasıdır. Həmçinin futbol akademiyalarının inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, klubların lisenziyalaşdırılmanın tələblərinə uyğunluğunun artırılması və bu istiqamətdə federasiya ilə klublar arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir. Bu proses eyni zamanda klublar və federasiya arasında effektli kommunikasiya platformasının qurulması və islahatlar öncəsi Azərbaycan futbolunun real vəziyyətinin dolğun şəkildə qiymətləndirilməsinə xidmət edir".

Mütəxəssis görüşün klubların lisenziyalaşdırılmasının tərkib hissəsi olduğunu vurğulayıb:

"Akademiyaların inkişafı üzrə ehtiyacların təhlili və dəstək prosesi mahiyyət etibarilə klubların lisenziyalaşdırılması prosesinin tərkib hissəsidir. Layihənin bütün komponentləri lisenziyalaşdırma qaydalarında əks olunan tələblərə əsaslanır və akademiyaların inkişafı klubların ümumi idarəetmə səviyyəsinin və idman nəticələrinin yüksəldilməsinə yönəlib".

O, iclas zamanı klub nümayəndələrinə ehtiyaclarının müəyyənləşdirilməsi barədə də məlumat verildiyini söyləyib:

"İclas zamanı federasiya ilə klublar arasında daha səmərəli əməkdaşlıq platformasının formalaşdırılması, islahatlar öncəsi mövcud vəziyyətin dəqiq təhlili, klubların, məşqçilərin, akademiyaların və infrastrukturun ehtiyaclarının müəyyənləşdirilməsi barədə də məlumat verildi. Həmçinin inkişaf etmiş futbol federasiyalarının təcrübələrinin yerli şəraitə uyğun tətbiqi imkanları müzakirə olundu".

S.Səlimli təhlilin nəticəsi olaraq hesabatı hazırlanacağını sözlərinə əlavə edib:

"Nəticə etibarilə milli ehtiyacların təhlili üzrə hesabatın hazırlanacağı və fəaliyyət prioritetlərinin müəyyən ediləcəyi bildirildi. Qeyd olunub ki, gələcək bütün dəstək mexanizmləri məhz bu təhlillərin və həyata keçirilən ziyarətlərin nəticələri əsasında formalaşdırılacaq".

Qeyd edək ki, AFFA tərəfindən Premyer Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti