AFFA İcraiyyə Komitəsinin üzvü: "Futbolçular Ayxan Abbasov gələndən sonra qələbəyə can atırlar"
- 17 noyabr, 2025
- 11:20
Azərbaycan millisinin futbolçuları baş məşqçi Ayxan Abbasovun təyinatından sonra qələbəyə can atırlar.
Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.
O, ilk növbədə komandanın Fransaya ötən gün 1:3 hesabı ilə uduzduğu matçla bağlı danışıb:
"Dünən Fransa kimi güclü komanda ilə üz-üzə idik. Oyunçulara təşəkkür edirəm. Meydanda vuruşdular, mübarizə apardılar, qol da vurdular. Fransa yığmasının keyfiyyəti sözünü dedi. Amma futbolçularımız sağ olsunlar, vuruşdular".
S.Qurbanov seçmə mərhələni də dəyərləndirib:
"Çətin qrupa düşmüşdük. Güclü komandalarla üz-üzə gəldik. Autsayder hesab edilirdik. Uşaqlar pis oynamadılar, baş məşqçi Ayxan Abbasov gələndən sonra daha motivasiyalı idilər. Onlarda ruh yüksəkliyi yarandı. Qarşıda UEFA Millətlər Liqası olacaq. Artıq ora köklənmək lazımdır. Həmin turnirdə yaxşı nəticə qazanmaq lazımdır. Məncə, istədiyimiz nəticəyə nail olacağıq".
İcraiyyə Komitəsinin üzvü baş məşqçi dəyişikliyindən sonra komandanın dəyişdiyini sözlərinə əlavə edib:
"Əsas odur ki, Ayxan Abbasov uşaqların "ürəyinə düşə" bilib. Motivasiyanı gücləndirib. Düşünürəm ki, baş məşqçi dəyişikliyindən sonra dirçəliblər, özlərinə gəliblər və meydanda mübarizə aparırlar. Döyüşkən komanda yaranıb, qələbəyə can atırlar. Fransa kimi milliyə qol vurmaq da asan deyil. Azarkeşlərə də təşəkkür edirəm. Tribunalar dolu idi. Onlara da minnətdarlığımızı bildiririk".