Vüqar Rəsulov: "Shirvan Open 2025" beynəlxalq şahmat festivalındakı nəticəmi normal hesab edirəm"
- 28 noyabr, 2025
- 15:22
Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov "Shirvan Open 2025" beynəlxalq şahmat festivalında ikinci yeri tutmasını normal hesab edir.
Bunu "Report"a açıqlamasında şahmatçı özü deyib.
O, yarışdakı çıxışını dəyərləndirib:
"Nəticəni özüm üçün normal hesab edirəm. A qrupunun qalibi olan hindistanlı rəqibim Mayank Çakraborti ilə V turda qara firqurlarla oynadım. Həmin görüşü heç-heçə başa vurdum. Bu, olduqca normal nəticədir. Çempion olmağıma mane olan səbəb VII turdakı qarşılaşma idi. Turniri üçüncü başa vuran hindistanlı şahmatçıya məğlub oldum. Ona qalib gəlsəydim, çempion mən olardım. Yarış pis keçmədi".
V.Rəsulov təşkilatçılıqdan danışıb:
"Müəyyən çatışmazlıqlar var idi. Lakin təşkilatçılar bu barədə məlumatlıdırlar və növbəti ildə çatışmazlıqlar aradan qalxacaq".
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası , Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edib. A qrupunun qalibi Hindistan şahmatçısı Mayank Çakraborti olub. İkinci yerdə Azərbaycan təmsilçisi Vüqar Rəsulov qərarlaşıb. Üçüncü yeri Hindistan şahmatçısı Subhayan Kundu tutub.
B qrupunda Azərbaycan şahmatçıları fərqləniblər. Burada qalibi adını Məhərrəm Cəfərov qazanıb. İkinci və üçüncü yerdə müvafiq olaraq Əli Səlimzadə və Fuad Məmmədov qərarlaşıblar.