Fiqurlu konkisürmə üzrə Avropa çempionatı və Qran-pri finalı ləğv olundu

Fərdi
  • 10 dekabr, 2020
  • 19:27
Fiqurlu konkisürmə üzrə Avropa çempionatı və Qran-pri finalı ləğv olundu

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkili nəzərdə tutulan fiqurlu konkisürmə üzrə Avropa çempionatı ilə bağlı qərar qəbul edib.

"Report" ISU-nun rəsmi saytına istinadən xəbər verir ki, 25-31 yanvarda keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qurum həmçinin bu il 10-13 dekabrda Çinin paytaxtı Pekində planlaşdırılan Qran-pri finalının da baş tutmayacağını açıqlayıb. Şəhərin pandemiyaya görə yarışı qəbul edə bilməyəcəyi vurğulanıb.

Bundan başqa, Fransanın Lion şəhərində yeniyetmələr arasında dünya çempionatı da ləğv edilib. Yarış gələn il 12-13 martda gerçəkləşməli idi.

Qeyd edək ki, təqvimdə yalnız 2021-ci il 22-28 martda İsveçin Stokholm şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatı qalıb. Yarışın baş tutub-tutmayacağı epidemioloji vəziyyətdən asılı olacaq.