Azərbaycanlı tədqiqatçı BMT-nin Cenevrə sammitində Qərbi azərbaycanlıların hüquqları barədə çıxış edib
- 03 sentyabr, 2025
- 18:51

Azərbaycanlı gənc tədqiqatçı Nurcan Əmircanova Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında keçirilən "Dəyişiklik üçün Qlobal Gənclər Sammiti 2025" beynəlxalq tədbirində Qərbi azərbaycanlıların hüquqları ilə bağlı çıxış edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, sammit Dialoq və Sülh Gənclər Mərkəzi (YCDP) və BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirib.
N.Əmircanova Cənubi Qafqazdan yeganə nümayəndə olaraq məruzəsində məcburi köçkünlərin hüquqlarına diqqət çəkib. O, xüsusilə Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun beynəlxalq insan hüquqları kontekstində tanınmasının vacibliyini vurğulayıb:
"Ümumdünya İnsan Hüquqları bəyannaməsi və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt insanların öz ölkəsinə qayıtmaq hüququnu təsbit edir. BMT Qaçqınlar üzrə Ali Komissarlığı qayıdışın könüllü, təhlükəsiz və ləyaqətli olmasının vacibliyini vurğulayır. Qərbi azərbaycanlılar 1987–1991-ci illərdə Ermənistan ərazisindən deportasiya olunub, 250 mindən çox insan doğma yurdunu itirib, tarixi abidələr dağıdılıb. 2022-ci ildə qəbul edilmiş Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası bu məsələnin sülh yolu və beynəlxalq hüquq prinsiplərinə uyğun həllini nəzərdə tutur. İnsanların evlərinə qayıtması yalnız fiziki məkan deyil, həm də mədəniyyətə və tarixə qayıdışdır. Bu prinsip fələstinlilərdən başlayaraq afrikalı, balkanlı və Yaxın Şərq qaçqınlarına necə aid edilirsə, Qərbi azərbaycanlılara da eyni şəkildə tətbiq olunmalıdır", – gənc tədqiqatçı qeyd edib.
O, çıxışında həmçinin 2025-ci il Vaşinqton sazişi və planlaşdırılan Zəngəzur dəhlizi layihəsinin yalnız iqtisadi və təhlükəsizlik baxımından deyil, həm də hüquqların bərpası və birgə sülh üçün tarixi imkan yarada biləcəyini diqqətə çatdırıb.
Sammit çərçivəsində keçirilən "Gənclərin baxış bucağından insan hüquqları" panelində də iştirak edən Əmircanova müxtəlif ölkələrdən gələn iştirakçılarla qlobal insan hüquqları mövzularını müzakirə edib və Qərbi azərbaycanlıların evlərinə qayıtmaq hüququnun beynəlxalq gündəlikdə daha çox ön plana çəkilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, N.Əmircanova hazırda Macarıstanın Eötvös Loránd Universitetində beynəlxalq münasibətlər üzrə magistratura təhsili alır, bakalavr təhsilini isə İtaliyanın Sapienza Universitetində qlobal humanitar elmlər üzrə tamamlayıb. O, altı dili bilən poliqlotdur və çoxmədəniyyətli mühitlərdə təcrübə qazanıb. Hazırda Azərbaycanın Macarıstandakı məzunlar birliyinin idarə heyətinin üzvü və Avropa Siyasət Tədqiqatları və İnsan Hüquqları İnstitutunda gənc tədqiqatçı kimi fəaliyyət göstərir.
