Eduard Məmmədov: "Azərbaycan kikboksinqçilərinin Avropa çempionatındakı nəticələri yaxşıdır"
- 23 sentyabr, 2025
- 15:52

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov gənclər, yeniyetmələr və kadetlərdən ibarət millinin İtaliyanın Lido Jesolo şəhərində WAKO versiyası üzrə keçirilən Avropa çempionatında qazandığı nəticələri yaxşı hesab edir.
Bunu "Report"a açıqlamasında AKF rəsmisi özü bildirib.
O, görüşlərin çətin keçdiyini söyləyib:
"Nəticələri pis hesab etmirik. Lakin bundan da yaxşı ola bilərdi. Bəzi idmançılarımız ciddi zədə ilə üzləşdilər. Tamerlan Məmmədlini nümunə göstərə bilərəm. Qaş nahiyəsindən ciddi zədələndi və finala çıxa bilmədi. Halbuki onun qızıl medal qazanacağına ümidimiz böyük idi. Kikboksinqin WAKO versiyası çətindir. Belə bir turnirdə 41 ölkə arasında 14-cü olmaq əla olmasa da, düşünürəm ki, pis nəticə sayılmamalıdır. Üstəlik, bu, Avropa çempionatı idi. Dünya çempionatlarında zəif kikboksinq ölkələrinə rast gəlmək olur. Avropada isə, demək olar ki, əksər ölkələrin kikboksinqçiləri güclü olurlar. Həmçinin 6 gümüş medal qazandıq. Finalçılarımız rəqibləri ilə başabaş mübarizə apardılar. Lakin hakimlər üstünüyü rəqiblərə verdilər. Qızıl medal sayı çox olsaydı, daha üst pillələrdə qərarlaşa bilərdik".
E.Məmmədov hər yarışdan əvvəl AKF rəhbərliyinin dəstəyini hiss etdiklərini söyləyib:
"Bu cür yarışlara hazırlaşmaq güc tələb edir. Hər dəfə yarışlara yollanarkən Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyini hiss edirik. Sağ olsunlar ki, idmançılara lazımi dəstəyi verirlər və onlar da ölkəmizi layiqincə təmsil edirlər. Növbəti yarışlara köklənəcəyik".
Qeyd edək ki, milli komanda Avropa çempionatında ümumilikdə 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıb. Mötəbər turnirdə iştirak edən 41 ölkə arasında Azərbaycan 14-cü pillədə qərarlaşıb.