Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatında daha çox medal gözləyirdik"

Fərdi
  • 09 sentyabr, 2025
  • 11:17
Azərbaycan yığmasının baş məşqçisi: Avropa çempionatında daha çox medal gözləyirdik

Gənc oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Avropa çempionatında idmançılardan daha çox medal gözləyib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışla bağlı fikirlərini bölüşüb:

"Daha çox medal gözləyirdik. Amma bu, cüdodur. Hazırkı ildə rəqabət çox güclüdür. Xırda səhvlərə görə digər çəkilərdə mükafat əldə edə bilmədik. Amma problem deyil. İdmançılarımız perspektivli və güclüdürlər. Hamı bizim cüdoçularımızı tanıyır. Medalsız qalanlar da titullu idmançılarımızdır. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər".

R.Alimli 60 və 66 kq çəki dərəcələrindək idmançıların yüksək nəticə qazanmalarını sevindirici hal hesab edib: 

"Onlar böyüklər arasında da sözlərini deyəcəklərinə inandırdılar. Gedişat onu göstərir. Bizim də əsas məqsədimiz böyüklərdə rəqabət apara biləcək idmançılarn yetişməsidir. Bu idmançıları da görürük. Perudakı dünya çempionatına üç həftə qalıb. Məşqçilər, performans direktoru ilə müzakirələr aparacağıq. Səhvlərin üzərində işləyəcəyik. Yəqin ki, heyətdə də dəyişikliklər, azalmalar baş verəcək. Medalsız qalan idmançılarımızın dünya çempionatında uğurlu çıxış edəcəklərinə inanıram".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 3 medalla tamamlayıb. Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb. Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.