Qazaxıstanda yanacağın qiymətlərinin aşağı olması ölkədən qanunsuz axına gətirib çıxarır
- 25 sentyabr, 2025
- 14:20

Qazaxıstanda "Aİ-92" markalı benzin və dizel yanacağının qiymətlərinin qonşu ölkələrdən əhəmiyyətli dərəcədə aşağı olması ölkədən qeyri-qanuni yanacaq axınına gətirib çıxarıb.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın "RV-Oil&Gas"ın baş direktoru Rəsul Əbdülxəlilov Bakıda "Xəzər və Mərkəzi Asiya – neft emalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, qiymətlərin aşağı olması daxili istehlak baxımından yaxşı görünürsə də digər tərəfdən bir sıra problemlər yaradır: "Böyük qiymət fərqindən dolayı ayda 10-50 min ton yanacaq qeyri-qanuni yolla ölkədən daşınır. Bunun nəticəsində daxili bazar əlavə qıtlıq yaşayır. Belə olan halda Qazaxıstan Rusiyadan idxal hesabına tələbatı qarşılamaq məcburiyyətində qalıb".
O bildirib ki, yanacaq qiymətlərini tənzimləməsi bir çox neqativ məqamlarla müşahidə olunub: "Qazaxıstanda bazar tənzimləməsi 2 000-ci illərin əvvəllərindən başlayıb. Tənzimləmənin əsas səbəbləri inflyasiyanı məhdudlaşdırmaq, sosial həssas əhali qruplarını qorumaq, yanacaq və siyasi sabitliyi təmin etmək idi. Bazar tənzimləməsi tədbirləri həcmləri bölüşdürməyə imkan versə də, uzunmüddətli planda bu model bir sıra digər problemlərə gətirib çıxardı. Bura qonşularla böyük qiymət disbalansı, qonşu ölkələrə qeyri-qanuni axın, daxili bazarda yanacaq çatışmazlığı, regionlar arasında marja dispariteti, sektorun aşağı investisiya cəlbediciliyi və bazar islahatlarında gecikmə daxildir. Bu problemlər uzun müddətdir ki, toplanmış və həll tələb edirdi. Nəhayət bu il fevral ayından Qazaxıstanda benzin və dizel üçün qiymət tənzimləməsi ləğv edildi. Tənzimləmənin ləğvindən bu yana, cari ilin 9 ayında YDM-lərdə dizel 10 %, benzin isə 14 % bahalaşıb. Analitiklərin proqnozlarına görə, qiymət artımı 2026-cı ilin sonuna qədər davam edəcək və Rusiya qiymətlərinə yaxınlaşacaq".
Baş direktorun fikrincə, bu islahatlar təkcə Qazaxıstana deyil, bütövlükdə regiona təsir edəcək: "Bildiyimiz qədəri ilə, Azərbaycanda da yanacaq bazarı tənzimlənir və bəlkə də sizin üçün Qazaxıstanın bazar qiymətləndirməsinə doğru təcrübəsini görmək maraqlı olar".