Nazir: "Skopye gələcəkdə hidrogen sahəsində Bakı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır"

Energetika
  • 08 sentyabr, 2025
  • 15:07
Nazir: Skopye gələcəkdə hidrogen sahəsində Bakı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır

Qərbi Balkanlar üçün İnvestisiya Platformasının dəstəyi ilə Serbiya-Makedoniya interkonnektoru üçün hidrogenlə bağlı tədqiqat aparılır.

Bunu "Report"a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.

O qeyd edib ki, tədqiqatın 2025-ci ilin III rübündə başa çatması gözlənilir.

"Tədqiqat hidrogenə tələbatın qiymətləndirilməsini, bərpa olunan enerji mənbələri (BOEM) texnologiyaları ilə inteqrasiyanı, onun saxlanmasını, nəqliyyat və sənayedə istifadəsini əhatə edir. Həm Serbiyanın, həm də ölkəmizin Panavropa hidrogen şəbəkəsində mühüm rol oynayacağı gözlənilir", - nazir qeyd edib.

O vurğulayıb ki, tədqiqat Şimali Makedoniya və Serbiyanın enerji sektorlarında hidrogen potensialı ilə bağlı tövsiyələrin hazırlanmasına yönəlib, burada artan tələbi ödəmək üçün hidrogen idxalına potensial tələbata xüsusi diqqət yetirilir.

"Buna görə də biz tədqiqatın nəticələrini gözləməli, bundan sonra hidrogen sahəsində Azərbaycanla əməkdaşlıqla bağlı növbəti addımları nəzərdən keçirməliyik", - S.Bojinovska bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.