MAIRE: Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada hidrogenin tətbiqində lider mövqe tutur
- 26 sentyabr, 2025
- 12:06

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hidrogenin tətbiqi məsələlərində lider mövqe tutur.
"Report"un məlumatına görə, bu barədə MAIRE şirkətinin Mərkəzi Asiya, Xəzər və Türkiyə üzrə vitse-prezidenti Nikkolo Heilpern Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri çərçivəsində bildirib.
"Bizim üçün hidrogen diplomatiyası siyasi səviyyədən bir qədər fərqli mövqedədir. Bu, daha çox sənaye, istehlakçılar və dövlət qurumlarını dəyər yaratmaq üçün necə birləşdirmək lazım olduğu ilə bağlıdır. Bu dəyər ölkədə qalmalıdır - dövlət və əhali üçün, eyni zamanda şirkət üçün də rifah yaratmalıdır. Biz səhmdarlara gəlir gətirməliyik. Lakin eyni zamanda işlədiyimiz ölkələrdə də sərvət yaratmalıyıq. Buna görə də, bizim üçün hidrogen diplomatiyası bütün maraqlı tərəflər arasında bilik mübadiləsinə və uzunmüddətli layihələrin inkişafına imkan verən əməkdaşlıq platformasıdır. Azərbaycanda artıq digər sahələrdə də güclü tərəfdaşlığımız var" - o qeyd edib.
N.Heilpernin sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin malik olduğu təbii ehtiyatlar və mövcud güclər əsasında emissiyaları səmərəli şəkildə azaltmaq və dekarbonizasiya həyata keçirmək mümkündür.
"Söhbət təkcə hidrogendən deyil, ümumiyyətlə dekarbonizasiyadan gedir. Tərəfdaşlıq, investisiya, koordinasiya və ümumi platformanın yaradılması - bütün hidrogen zənciri üçün dəyər yaradan əsas elementlərdir. Bu mənada Azərbaycan fərqlənir. Bu ölkə regionda 2025-ci ildə nəşr olunan və "Azərbaycan 2030" strategiyasına əsaslanan "Hidrogen üzrə Ağ Kitab" hazırlayan yeganə ölkədir", - o bildirib..
N.Heilpernin sözlərinə görə, bu, ölkənin hidrogen inkişafı məsələlərində öndə olduğunu sübut edir: "COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə imzalanmış saziş isə strateji baxışın mövcudluğunu təsdiqləyir. Bu regionun liderləri uzaqgörəndir".