"KAPPA" "Ümid-Babək" yatağında quyuların təhlili üçün alətlər təqdim edəcək" - EKSKLÜZİV
- 26 noyabr, 2025
- 18:03
Fransanın "KAPPA" şirkəti "Ümid-Babək" əməliyyat şirkəti ilə eyniadlı yatağın işlənməsi üçün proqram təminatının təqdim edilməsi barədə ilkin razılığa gəlib.
Bu barədə "Report"a "KAPPA"nın Cənub-Şərqi Asiya və Xəzər üzrə regional meneceri, neft mühəndisi Əli Moxtari (Ali Mokhtari) məlumat verib.
Onun sözlərinə görə, şirkət "Ümid-Babək"in mühəndislik meneceri ilə danışıqlar aparıb və tanışlıq üçün proqram məhsullarının təqdimatı prosesinə başlamağa razılaşıb: "Biz yaxşı mərhələdəyik".
Ə.Moxtari dəqiqləşdirib ki, əsas müzakirə mövzusu təzyiq keçid proseslərinin təhlili üçün alət, yəni quyu sınaq paketi (well testing package) ilə bağlı olub: "Bu alətlər yataqların düzgün işlənməsində mühüm rol oynayır".
Şirkətin meneceri həmçinin xatırladıb ki, iki il əvvəl "KAPPA" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ilk müqaviləni imzalayıb: "Onlar artıq bizim üç məhsulumuzdan istifadə edirlər. İndi biz SOCAR və Azərbaycandakı digər sifarişçilərlə əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq. Əməkdaşlıq neft-qaz sektorunda məlumatların avtomatlaşdırılması və daha səmərəli, optimallaşdırılmış sənaye həllərinin təqdim edilməsi kimi yeni istiqamətləri nəzərdə tutur. Biz həmçinin BP və JOCAP ilə müqavilələr bağlamağı planlaşdırırıq".
Qeyd edək ki, "Ümid" yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu, Azərbaycanın müstəqilliyi dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır və 2012-ci ildə istismara verilib.
"Ümid-Babək" blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və 2017-ci ilin may ayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80 %) və "Nobel Upstream" (UK) şirkətləridir (20 %).