Finlandiya Azərbaycanla bərpa olunan enerji üzrə əməkdaşlığa maraq göstərir
- 21 oktyabr, 2025
- 16:55

Finlandiya Azərbaycanla bərpa olunan enerji və enerji səmərəli texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıdır.
Bunu "Report"a açıqlamasında Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen Bakıda keçirilən "Mərkəzi Baltik – Azərbaycan" biznes forumunda bildirib.
"Finlandiya şirkətləri enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində qabaqcıl texnologiyalara malikdir ki, bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar açır. Enerji səmərəliliyi və bərpa olunan enerji sahəsindəki texnologiyalar Finlandiya şirkətləri üçün maraq doğura biləcək istiqamətlərdir. Belə biznes forumlar iş adamlarının görüşməsi, perspektivli layihələri müzakirə etməsi və regionda yeni bazarlar açması üçün vacibdir", - o qeyd edib.
K.Narinen vurğulayıb ki, əməkdaşlığın inkişafı bazarın kiçik həcmi ilə məhdudlaşır, buna görə də region ölkələri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi vacibdir.
Səfir qeyd edib ki, Aİ-nin maliyyələşdirdiyi layihələr Bakıda Latviya, Estoniya və Finlandiya nümayəndələri ilə əlaqələrin qurulması üçün faydalı olub, bu isə hər iki tərəf üçün yeni biznes imkanları açır.