Finlandiya səfiri: "Cənubi Qafqaz Türkiyə və Mərkəzi Asiya ilə birlikdə böyük bazara çevrilir"

Biznes
  • 21 oktyabr, 2025
  • 19:07
Finlandiya səfiri: Cənubi Qafqaz Türkiyə və Mərkəzi Asiya ilə birlikdə böyük bazara çevrilir

Cənubi Qafqaz ölkələri arasında açılan yeni əməkdaşlıq səhifələri və trendlər region üçün həyati əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen "Mərkəzi Baltik-Azərbaycan" biznes forumunda deyib.

Diplomat xatırladıb ki, bu il onun regional səfir kimi fəaliyyətinin altıncı ili başlayır.

"Regional əməkdaşlıq mənim gündəliyimin mahiyyətini təşkil edir. Buna görə də ortaya çıxan yeni imkanlar və tendensiyalar həyati əhəmiyyət kəsb edir. Bu, biznes üçün də vacibdir. Mən Finlandiyanın bir çox iş adamları ilə söhbət etmişəm və onların hamısı qeyd edir: regionun üç ölkəsi ayrı-ayrılıqda bazar kimi çox kiçikdir. Lakin əgər biz regionu Türkiyə ilə birlikdə nəzərdən keçirsək, artıq böyük potensial var. Əgər əməkdaşlığı Mərkəzi Asiya ölkələrinə qədər genişləndirsək, söhbət daha da miqyaslı xarakter alır. Aİ-nin qarşılıqlı əlaqə proqramlarının mahiyyəti məhz bundan ibarətdir" - səfir vurğulayıb.

K.Narinen qeyd edib ki, "LEF Azərbaycan" layihəsi insanları bir araya gətirdiyinə və uzunmüddətli əməkdaşlığın əsasını qoyduğuna görə xüsusilə dəyərlidir.

"Əslində, nəticəni yaradan biznes, şirkətlər, nazirliklər və ticarət-sənaye palataları deyil. Hər şey orada işləyən insanlara əsaslanır. 70 min insanın COP29 üçün Bakıya cəlb edilməsi buna nümunədir: bu, insanların birləşməsi, təcrübə və enerji mübadiləsi haqqında idi. Buna görə də bu gün bu otaqda gördüyümüz və hiss etdiyimiz dostluq əlaqələrinin davam etdirilməsi həm region, həm Azərbaycan, həm də finlər, estonlar və latışlar üçün həyati əhəmiyyət kəsb edir", - diplomat əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti