FHN: Şəkidə üç avtomobil toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 21 oktyabr, 2025
  • 20:48
FHN: Şəkidə üç avtomobil toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA", "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə "VAZ 2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində "KİA" markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" və "VAZ-2107" markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti