Estoniyalı mütəxəssis: "Azərbaycan investisiyalar üçün etimad mühiti yaradır"
- 21 oktyabr, 2025
- 19:24

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi logistika və investisiyaların inkişafı üçün yeni dinamika yaradır, bütün region üçün böyük imkanlar açır.
"Report" xəbər verir ki, bu barədə estoniyalı mütəxəssis Sven Sester "Mərkəzi Baltik - Azərbaycan" biznes forumunda bildirib.
"Logistika baxımından Azərbaycan və Ermənistan təkcə Gürcüstan vasitəsilə deyil, ümumiyyətlə regionda daha dinc və sabit vəziyyət formalaşdırır. Bu, xüsusilə Azərbaycanda investisiyalar üçün etimad mühiti yaradır. Hesab edirəm ki, bu, gələcək üçün çox müsbət perspektivdir", - S.Sester qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Estoniya arasında iqtisadi münasibətlər artıq möhkəm zəminə malikdir, lakin inkişaf üçün potensial var.
"Hazırda Azərbaycandan Estoniyaya ixracın təxminən 95 %-ni mineral yanacaq, Estoniyanın Azərbaycana ixracının təxminən 10 %-ni diri heyvanlar təşkil edir", - mütəxəssis bildirib.
S.Sester əlavə edib ki, informasiya texnologiyaları və elektron idarəetmə sistemi Estoniyanın güclü tərəflərindən biri olaraq qalır. Bu sahələr Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətləri ola bilər.
"Estoniya Azərbaycandan olan tərəfdaşlarla biznes apararkən, bunun həmişə etimad və dostluq məsələsi olduğunu anlamaq vacibdir. Ölkələrimiz arasında təkcə kommersiya və biznes səviyyəsində deyil, həm də siyasi səviyyədə yaxşı əlaqələr var", - o vurğulayıb.