Bəxtiyar Aslanbəyli: "BP-nin qlobal strategiyası ilə Azərbaycan layihələri tam uyğunluq təşkil edir"
- 22 sentyabr, 2025
- 17:41

BP-nin qlobal strategiyası ilə Azərbaycan layihələri tam uyğunluq təşkil edir.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
"Bu, həm hazır enerji təminatını, həm də sabah üçün yeni enerji resurslarının açılmasını nəzərdə tutur. Bunu çox məsuliyyətli şəkildə həyata keçiririk və bu, ölkədəki davam edən layihələrimizlə tam uyğundur", - deyə o qeyd edib.
BP rəsmisinin sözlərinə görə, şirkət Azərbaycanda dayanıqlı hidrokarbonlar, aşağı karbon emissiyalı enerji və yeni əməkdaşlıqlar istiqamətində layihələr həyata keçirir.
"SOCAR və digər tərəfdaşlarla birlikdə reallaşdırılan ən mühüm layihələrdən biri 240 mVt gücündə "Sunrise" günəş elektrik stansiyasıdır. Layihənin üstünlüyü ondadır ki, bu, virtual enerji ötürülməsi üzərində qurulub. Biz işğaldan azad edilmiş ərazilərdə 240 mVt günəş enerjisi istehsal edir, milli şəbəkəyə ötürür və eyni həcmdə enerjini şəbəkədən alaraq neft-qaz emalı müəssisələrimizi elektrifikasiya edirik. Bu, "enerji keçidi"nin ən yaxşı nümunəsidir. Ölkədə uzun illərdir ki, fəaliyyət göstərən ənənəvi enerji şirkəti kimi gəlirlərimizin bir hissəsini neft-qaz layihələrindən əldə edirik və həmin gəlirləri günəş enerjisi layihələrinə yönləndiririk", - deyə B.Aslanbəyli əlavə edib.
Onun sözlərinə görə, BP-nin Azərbaycandakı digər "enerji keçidi" layihələri də diqqət çəkir: "Şirkət "Şahdəniz" platformalarının elektrifikasiyası və platformaların bir-birinə bağlanması, həmçinin "Şahdəniz" sıxılma layihəsi ilə aşağı təzyiqli sahələrdən daha çox qazın çatdırılmasını təmin etməyi planlaşdırır".
B. Aslanbəyli vurğulayıb ki, BP Azərbaycandakı investisiya və əməkdaşlıq perspektivlərini yalnız mövcud əməliyyatlarla məhdudlaşdırmır: "Biz eyni zamanda yeni investisiya imkanları və enerji keçidi sahəsində innovativ layihələr üçün də çalışırıq".