BEA-nın icraçı direktoru: Diversifikasiya enerji təhlükəsizliyinin qızıl qaydasıdır
- 03 dekabr, 2025
- 15:10
Onilliklər boyu Rusiya Avropanın əsas enerji təchizatçısı, ilk növbədə təbii qaz təchizatçısı olaraq qalıb. Bu gün həmin dövr başa çatmaq üzrədir.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Avropa Şurası və parlament arasında Rusiya enerji daşıyıcılarından imtina barədə ilkin razılaşma əldə olunması ilə bağlı bildirib.
"Yarım əsr əvvəl Avropa Rusiyanı seçdi. 1970-ci illərdə bu, Yaxın Şərq neftindən diversifikasiyaya doğru bir addım kimi görülürdü. Lakin mən deyərdim ki, bu diversifikasiya həddindən artıq uzağa getdi və Rusiya qazından asılılıq artmağa başladı", - deyə Birol qeyd edib və əlavə edib ki, 20 il əvvəl Avropa idxalında Rusiya qazının payı 30% təşkil edirdisə, 2019-cu ilə qədər Avropada istehlak edilən qazın demək olar ki, yarısı Rusiyadan gəlirdi", - F.Birol bildirib.
BEA rəsmisi vurğulayıb ki, Rusiyanın 2014-cü ildə Krıma müdaxiləsindən sonra aydın oldu ki, Moskva enerji sahəsində etibarlı tərəfdaş deyil. 2022-ci ildən sonra Avropa, onun sözlərinə görə, indi artıq aradan qaldırılmış böyük bir enerji böhranı ilə üzləşdi.
O, həmçinin xatırladıb ki, BEA Avropa Komissiyasına böhrandan çıxış üçün 10 bəndlik plan təqdim edib: "Mənim əsas qızıl enerji təhlükəsizliyi qaydam - diversifikasiyadır. BEA-da hamımız son 50 ilin təcrübəsindən dərs çıxarmaq istəyirik. Bu, bir təchizatçıdan həddindən artıq asılı olmağa imkan verməməkdən ibarətdir. Bu qaz və ya başqa bir şey ola bilər - enerji dünyasında hər hansı həddən artıq asılılıq tezliklə ciddi geosiyasi zəifliyə çevrilə bilər".
Çıxışının sonunda, o, Rusiya qazından asılılığın uğurla azaldılması təcrübəsinin gələcəkdə neft və nüvə yanacağı təchizatına münasibətdə də təkrarlana biləcəyinə ümid etdiyini ifadə edib.