Azərbaycanın turizm sektoru Yeni il üçün nə vəd edir? – ARAŞDIRMA

Turizm
  • 03 dekabr, 2025
  • 15:49
Azərbaycanın turizm sektoru Yeni il üçün nə vəd edir? – ARAŞDIRMA

Azərbaycanda Yeni illə qeyri-iş günləri yaxınlaşdıqca daxili turizmə maraq da nəzərəçarpacaq dərəcədə artmaqdadır.

Qış turizmi mövsümü tam açılmasa da, dekabrın son günləri üçün regionlarda yerləşən hotellərə tələbatın kəskin artdığı müşahidə olunur.

Bu dövrdə çoxsaylı vətəndaşlar həm yeni il şənliklərində iştirak etmək, həm də qohumlarını görmək üçün regionlara üz tutur. Bu isə hotellərin doluluq səviyyəsinə, qiymətlərə və xidmətlərə tələbatın strukturuna birbaşa təsir göstərir.

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov "Report"a açıqlamasında bildirib ki, dekabr ayının son günləri ənənəvi olaraq daxili turizmin ən pik dövrlərindən biridir və artan tələbat sektorda həm qiymətləri, həm də rezervasiya sürətini müəyyən edir.

Onun sözlərinə görə, ötən il hotellər yeni il şənliyinə daxil edən xüsusi istirahət paketləri təklif ediblər: "Bu paketlər adətən iki gecə və üç günlük qonaqlamadan, qidalanmadan, əyləncə proqramlarından və yeni il tədbirindən ibarət olurdu. Belə bir paket iki nəfər üçün 1 500–2 500 manat arasında dəyişirdi. Nəticə etibarilə bir nəfərin xərci təqribən 750–1 200 manat aralığında formalaşırdı. Bu il qiymətlər ötən illə müqayisədə ciddi artmayacaq".

Ekspert qeyd edir ki, paytaxtda restoranların, əyləncə məkanlarının və alternativ tədbirlərin geniş olması səbəbindən Bakı hotellərində yeni il paketlərinə maraq bir qədər aşağı olur: "Halbuki, regionlarda - xüsusən də Qəbələ, Şahdağ, Şamaxı, Quba, Şabran və İsmayıllı kimi iri hotel komplekslərinin mövcud olduğu ərazilərdə – tələbat ən yüksək həddə çatır. Bu bölgələrdə hotellər yeni il tarixlərinə artıq bir neçə həftə əvvəlcədən rezervasiyalar qəbul edir və yer çatışmazlığı halları da tez-tez müşahidə olunur".

Regionlar üzrə qiymət müqayisəsinə gəldikdə, turizm üzrə ekspert Lənkəran istiqamətində otel paketlərinin digər məşhur dağ bölgələrinə nisbətən təxminən 20 % ucuz olduğunu bildirir.

Onun sözlərinə görə, daha əlverişli qiymətlər isə hazırda Qarabağ regionundakı hotellərdə müşahidə edilir: "Xüsusilə Şuşada fəaliyyət göstərən hotellər yeni il kampaniyalarını daha münasib şərtlərlə təklif edirlər və bu da həmin bölgəyə marağı artırır".

Ekspert əlavə edib ki, yeni il tətilləri təkcə əyləncə proqramı olan hotellərdə deyil, daha sakit və təbiət qoynuna yaxın istirahət məkanlarında da aktivlik yaradır: "Bu xüsusda kənd evləri, ailəvi villalar bir çox vətəndaş üçün daha sərfəli seçim hesab olunur. Bu kateqoriyada qiymətlər hotellərlə müqayisədə daha münasibdir və xüsusən ailəvi səyahət edənlər üçün əlverişli şərait yaradır".

C.Aşurov bildirib ki, dekabrın son günləri qeyri-iş günləri olduğu üçün istirahətə tələbat artır və bu, təbii olaraq qiymətlərin ilin digər dövrləri ilə müqayisədə yüksək olmasına səbəb olur: "Qiymət artımı real bazar şəraitinə uyğundur, çünki təklif olunan paketlərin böyük hissəsi tələbat səbəbindən tez bir zamanda satılır və bəzi hotellərdə yerlərin tam dolması adi haldır. Bu il də qiymətlərin ötən illə müqayisədə eyni səviyyədə qalması diqqət çəkən məqamlardandır".

Hotellərin doluluq səviyyəsi

Turizm sektorunda aparılan monitorinqlər yeni il tarixlərinə yaxın hotellərin doluluq səviyyəsində ciddi artım olduğunu göstərir.

Şahdağ və Qəbələ hotellərində doluluq artıq 70–85 % təşkil edir. Bu bölgələrdə xüsusən lüks kateqoriyalı hotellərə böyük maraq var və bəzi otellərdə yerlər tamamilə dolmaq üzrədir.

Quba, İsmayıllı və Şamaxı istiqamətlərində doluluq 60–75 % arasında dəyişir. Tələbat artdıqca bu rəqəmlərin daha da yüksələcəyi gözlənilir.

Lənkəran və Masallı bölgələründə doluluq 50–60 % civarındadır. Bu bölgələrdə qiymətlərin nisbətən münasib olması əlavə üstünlük yaradır.

Şuşa və ümumilikdə Qarabağ hotellərində doluluq 45–55 % həddindədir. Qiymətlərin sərfəli olması səbəbindən rezervasiyaların sayında artım gözlənilir.

Yeni il dövründə turizm axını

Ekspertin sözlərinə görə, yeni il ərəfəsində ölkə daxilində hərəkətlilik təkcə istirahət məqsədi ilə məhdudlaşmır: "Paytaxt sakinləri regionlara üz tutur, qohum ziyarətləri artır və kənd evlərinə maraq çoxalır. Eyni zamanda xarici turistlərin sayında da artım müşahidə olunur. Bu dövrdə Azərbaycana daha çox körfəz ölkələrindən, Hindistandan və Pakistandan turistlər gəlir. Digər tərəfdən, azərbaycanlı vətəndaşların da eyni tarixlərdə ölkə xaricinə səfərləri artır. Bəzi hallarda daxili turizm paketlərinə nəzərdə tutulan məbləğlə eyni qiymətə qonşu ölkələrə və ya Avropanın bəzi şəhərlərinə qısa müddətli turlar almaq mümkün olur. Bu da turistlərin seçimindən asılıdır".

C.Aşurovun sözlərinə görə, ümumilikdə yeni il dövrü daxili turizm üçün ən gəlirli və aktiv mövsümlərdən biri olaraq qalır. "Regionlarda qiymətlərin real bazar tələbatına uyğun formalaşması, hotellərin əvvəlcədən rezervasiya ilə dolması və kənd turizminə marağın artması bu il də turizm sektorunun canlılığını təmin edir".

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 % ( 214 min 652 nəfər) çox olub.

2024-cü ildə turizm məqsədilə səfər edənlərin sayı isə 2023-cü illə müqayisədə 16,5 % çox olub. Bu göstərici ölkənin turizm cazibədarlığının gücləndiyini və dekabr ayının qış turizmi üçün daha populyar hala gəldiyini göstərir.

Turistlərin xərcləmələrində də artım qeyd olunub. Belə ki, 2023-cü ilin dekabrında turist xərcləri 241 640 manat olduğu halda, 2024-cü ilin eyni ayında bu göstərici 266 460 manat olub. Bu isə 10,3 % artım deməkdir. Artım həm turist sayının çoxalması, həm də onların istehlak davranışının aktivləşməsi ilə bağlıdır.

2024-cü ilin dekabrında baş verən bu ikirəqəmli artımlar göstərir ki, həm turist axını, həm də xidmətlərə çəkilən xərclər üzrə yüksələn tendensiya davam edir.

Hazırkı dinamika, regiona artan maraq nəzərə alınarsa, 2025-ci ilin dekabrı üçün gözləntilər kifayət qədər yüksəkdir. Turist axınının artım tempi davam edərsə, bu ilin dekabrında həm ölkəyə gələnlərin ümumi sayında, həm də turizm məqsədli səfərlərdə daha böyük artım qeydə alınacağı ehtimal olunur. Bundan başqa, yeni açılan hotellər, Qarabağ bölgəsinə səfərlərin aktivləşməsi və beynəlxalq tədbirlərin keçirilməsi də 2025-ci ilin dekabr ayına dair nikbin proqnozları gücləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti