Putindən Avropa təhdidi - qitənin Rusiyaya verdiyi dərslər - ŞƏRH

Analitika
  • 03 dekabr, 2025
  • 15:48
Putindən Avropa təhdidi - qitənin Rusiyaya verdiyi dərslər - ŞƏRH

"Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, ancaq buna hazırdır".

Bu fikri Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən İnvestisiya Forumunda çıxışında deyib. O, Ukraynadakı müharibə üzrə Avropanı sülh gündəliyinə malik olmamaqda ittiham edib. Putin Qərbin Ukraynaya dəstəyinə işarə edərək iddia edib ki, Avropa müharibə tərəfdarıdır: "Biz Avropa ilə müharibə etmək niyyətində deyilik, mən bunu yüz dəfə demişəm. Ancaq Avropa birdən müharibə etmək istəsə və başlasa, biz indi də hazırıq. Onda tez bir zamanda elə vəziyyət yaranar ki, razılaşmaq üçün kimsə olmayacaq".

Vladimir Putinin qənaətincə, Avropada Rusiyanın strateji məğlubiyyətə uğradılacağını zənn edilər: "Onlar belə düşünərək xəyallar içində yaşayırlar".

Avropa rəhbərlərini sülhlə bağlı təkliflərin olmamasında qınayan Putin bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsinin dayandırılmasına dair onların istəkləri Moskva üçün "qəbuledilməzdir".

Rusiya lideri Kremlin mövqeyini bir daha açıqlayıb: danışıqları yalnız ABŞ administrasiyası ilə aparmaq, Avropa liderlərini danışıqlar masasına buraxmamaq. Putin vurğulaıb ki, onlar ABŞ administrasiyası və Prezident Donald Trampın danışıqlar yolu ilə sülh sazişinə nail olmaq cəhdlərinə maneə törədirlər.

Yeri gəlmişkən, ötən gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Vladimir Putinlə görüşüb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün nəticələri haqqında bildirib ki, konkret formullar və qərarlar deyil, ümumi yanaşma, mahiyyət müzakirə olunub. Onun sözlərinə görə, tərəflər qarşılıqlı əməkdaşlıq üçün böyük perspektivlər gördüklərini bildiriblər. Köməkçi Donald Trampın Ukraynadakı vəziyyətlə bağlı 28 maddədən ibarət ilkin planı və daha 4 sənəd aldıqlarını söyləyib: "Rusiya və ABŞ danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər".

Bildirilib ki, məsələ üzrə kompromis hələ tapılmayıb, ABŞ və Rusiya liderlərinin görüşü hazırda planlaşdırılmayıb. Həmçinin, Moskva Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaqdan imtina edib.

ABŞ dövlət katibi Marko Rubio görüşlə bağlı müsahibəsində deyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisidir: "Biz anlamağa çalışdıq. Hesab edirəm ki, ukraynalılar nə ilə yaşaya biləcəkləri, onların gələcək təhlükəsizliyinə zəmanət verəcək məsələlər üzrə müəyyən irəliləyiş əldə etdik".

Qeyd edək ki, Donald Trampın kürəkəni Cared Kuşnerin də qatıldığı bu görüş 5 saatdan çox sürüb.

ABŞ və Rusiya rəsmiləri görüşə pozitiv ovqat qatmağa çalışsalar da, belə qənaətə gəlmək olar ki, tərəflər daha çox ümumi vəziyyəti müzakirə edib, heç bir uğurlu nəticə əldə etməyiblər.

D.Tramp Ukraynadakı müharibə vəziyyətini "xaotik" adlandıraraq oradakı problemi həll etməyim asan olmadığını deyib.

Bundan başqa, görüş günü Vladimir Putin Avropaya xəbərdarlıq edib, Ukraynanı daha böyük faciə ilə üzləşəcəyi barədə hədələyib.

Avropadan da Rusiya ilə bağlı xəbərdarlıq çıxışları edilib. Almaniyanın xarici işlər naziri Yohann Vadefuhl bildirib ki, yeni kəşfiyyat qiymətləndirmələri Moskvanın gələcəkdə Aİ və NATO-ya potensial hücum üçün hazırlaşdığını göstərir: "Ən azı Rusiya 2029-cu ilə qədər NATO-ya qarşı müharibə aparmaq imkanı yaradır".

XİN başçısı qeyd edib ki, tərəfdaşları və müttəfiqləri ilə birlikdə Rusiyanı növbəti təcavüzdən çəkindirməlidirlər. Nazirin sözlərinə görə, Avropa ölkələri Rusiya ilə bağlı olduğu güman edilən fəaliyyətlərdə və Moskva tərəfindən təşkil olunan hibrid hücumlarda artım qeydə alırlar.

NATO isə Putinin Avropa ilə müharibəyə hazır olması barədə sözlərinə cavab verib. Bildirilib ki, Avropanı hərbi yolla məğlub etmək üçün Rusiyada kifayət qədər əsgər yoxdur. Alyansın adının çəkilməsini istəməyən yüksək rütbəli nümayəndəsi bildirib ki, Rusiya ordusu hazırda Avropanı hərbi yolla məğlub etmək iqtidarında deyil. NATO təmsilçisinin sözlərinə görə, Avroatlantik alyans öz müttəfiqlərinin müdafiəsi məsələsində indiki qədər heç vaxt belə birlikdə olmayıb.

O, NATO Nizamnaməsinin qarşılıqlı müdafiə haqqında 5-ci maddəsini xatırladıb: "Rusiyanın hərbi mənada həqiqətən qalib gəlmək üçün kifayət qədər qoşunu və ya imkanları yoxdur".

Putin daha əvvəl Rusiyanın guya NATO-ya hücum etmək planları barədə yayılan bəyanatları "inanılmaz yalan" adlandırmış, Avropa ölkələrinin militarizasiyasına cavab verməyə hazır olduğunu qeyd etmişdi. Rusiya onda vurğulamışdı ki, potensial cavabları "çox inandırıcı olacaq".

Vladimir Putinin Avropaya qarşı müharibə ilə bağlı özündənrazı açıqlama verməsinin əsas səbəblərdən biri də qitə dövlətlərinin Rusiyadan təbii qaz almasıdır. Çünki Ukraynada müharibə başlayandan bəri Avropa İttifaqına üzv dövlətlərin çoxu Rusiya ilə neft-qaz ticarəti üzrə əlaqəni kəsməyib. Rusiya təhlükəsindən, Ukraynanı müdafiədən danışan həmin avropalılar bu əməlləri ilə həm də müharibədə Moskvanı maliyyələşdirmiş sayılırlar.

Ötən gün Avropa İttifaqı Şurası və Avropa Parlamenti "REPowerEU" planı çərçivəsində 2027-ci ilə qədər Rusiya təbii qazının idxalından mərhələli imtina edilməsi haqqında ilkin razılaşma əldə olunub. Avropa İttifaqı Şurasının sədr ölkəsi olan Danimarkanın iqlim, enerji və kommunal xidmətlər naziri Lars Ogard bu barədə bildirib: "Bu, bizim və bütün Avropa üçün böyük qələbədir. Biz Aİ-nin Rusiya qazından asılılığına son qoymalıyıq. Bunun Aİ-də daimi qadağası düzgün istiqamətdə vacib addımdır".

Mayeləşdirilmiş təbii qaz təchizatı üzrə uzunmüddətli müqavilələr üçün qadağa Aİ-nin 19-cu sanksiyalar paketinə uyğun olaraq 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

2025-ci ilin oktyabr ayına olan vəziyyətə görə, Avropa İttifaqı təbii qaza olan tələbatının 12 faizini Rusiyadan idxal etdiyi "mavi yanacaq" hesabına ödəyir. Məlumatlara əsasən, Ukraynadakı müharibədən əvvəl bu rəqəm təxminən 45 faiz təşkil edib.

Avropa İttifaqı RF-yə daha bir zərbə endirməyə hazırlaşır. Dekabrın 3-də Avropa Komissiyasının Rusiya aktivləri hesabına Ukraynanın maliyyələşdirilməsi təklifi ilə rəsmən çıxış edəcəyi gözlənilir.

Belə ehtimal etmək olar ki, Putinin hədəsi və Ukrayna ilə müharibənin bitməməsində Avropanı ittiham etməsi bu istiqamətdə baş verənlərə görə məsuliyyəti Aİ-nin üzərinə qoymağa cəhddir. Belə qənaətə gəlmək olar ki, Moskva bununla Aİ ilə ABŞ-ni üz-üzə qoyub, onları ayırmağa səy göstərir: Avropa İttifaqını danışıqlar masasına yaxın buraxmamaq, onu müharibə ilə hədələmək, bütün dialoqları və razılaşmaları ABŞ ilə aparmaq, nəticədə özünə uyğun variantın uğuruna nail olmaq.

Ehtimal etmək olar ki, o bununla ABŞ-yə "yaxşı oğlan", Aİ-yə "pis oğlan" damğası vuraraq həm də İttifaqa simpatiyası olanlarla olmayanlar arasında cəbhələşməni dərinləşdirməyə çalışır.

Başqa maraqlı məqam isə Putinin bu ultimativ açıqlamanı İnvestisiya Forumunda verməsidir. Rusiya liderinin aşağıdakı məsələləri hədəflədiyi qənaətinə gəlmək olar:

- Rusiya hərbi müdafiə sahəsində Avropa İttifaqından güclüdür;

- Rusiya müharibə aparsa da, təhlükəsizliyi daha yaxşı təmin edir;

- Rusiya xarici sərmayələr üçün əlverişli ölkədir;

- Son illər rusiyalı iş adamları sərmayələrini ölkədən çıxarıb Avropa İttifaqına da aparırlar. Odur ki, Putin Aİ-ni zəif, gücsüz təqdim etməklə bu istiqamətin qarşısını almağa cəhd göstərir;

- Ukrayna müharibəsinin başlamasının məsuliyyətini Avropa İttifaqının üzərinə qoymağa çalışır.

Bunlara baxmayaraq, Avropa Rusiya ilə müharibə etmək istəyini açıqlamır. Əksinə, ondan qorunmaq planı qurur. Elə bu qorunmaqdan Moskva narahat olur. Putinin məlum açıqlaması da bu ehtiyatlılığın törəməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti