Azərbaycanın dövlət qurumlarına kiberhücumlar noyabrda 42 % azalıb
- 03 dekabr, 2025
- 15:40
Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 751 kiberhücum indikatoru (IOC) müəyyən edib.
"Report"un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 % azdır.
Kibertəhdidlərin 288-i daxili araşdırma, 463-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə noyabr ayında isə 49 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 42 % azdır.
2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.