Saymon Stil: COP29-da verilmiş vədlər konkret fəaliyyətə keçməlidir
- 29 sentyabr, 2025
- 11:58

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransında (COP29) Bakıda verilmiş iqlim vədləri konkret fəaliyyətə keçməlidir.
"Report"un məlumatına görə, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində videomüraciətində bildirib.
Onun sözlərinə görə, COP29-da yeni qlobal siyasət üzrə razılaşmanın əldə edildiyi ötənilki dünya təcrübəsi göstərdi ki, hökumətlər, biznes və vətəndaş cəmiyyəti birgə hərəkət etdikdə irəliləyişə nail olmaq mümkündür.
S.Stil qeyd edib ki, uğur milli prioritetlərə və biznes maraqlarına uyğun gələcək layihə portfellərinin formalaşdırılması, həmçinin dövlət və özəl investisiyaları innovasiya və texnologiyalarla birləşdirən tərəfdaşlıqların inkişafı kimi iki əsas amilə bağlıdır.
"Biz etimad və əməkdaşlığı gücləndirməliyik. Hökumətlər investorlar üçün riskləri azaldan şəffaf və proqnozlaşdırıla bilən şərait yaratmalı, biznes isə təkcə kapital qoymaqla kifayətlənməməli, həm də həlləri sürətləndirmək üçün texnologiya və təcrübə təqdim etməlidir", - icraçı katib vurğulayıb.
Onun sözlərinə görə, Bakıda İqlim Fəaliyyəti Həftəsi məhz buna həsr olunub: "Dünya vədlərdən layihələrə və fəaliyyətlərə keçir. Söhbət iqlim tədbirlərinin daha güclü iqtisadiyyatlara, dayanıqlı cəmiyyətlərə və daha təhlükəsiz dünyaya gedən yol olduğunu göstərməkdən gedir".