Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq

Ekologiya
  • 29 sentyabr, 2025
  • 16:43
Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq
Muxtar Babayev

Azərbaycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı illərdir çağırışlar etsə də, indi bu fəsadları aydın görürük.

Bunu "Report"a açıqlamasında Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Xəzərdə suyun azalması gələcəkdə kənd təsərrüfatına, şəhərlərin infrastrukturuna, limanlara, eləcə də turizmə böyük ziyan vuracaq:

"Azərbaycan Xəzər dənizindəki problemi ilk dəfə qabartmır. Xəzərdə suyun azalması Xəzəryanı ölkələr üçün problemlər gətirəcək və bunu illərdir deyirik. Bu gün artıq həmin fəsadları görürük. Misal olaraq, Dənikənarı Bulvar ərazisində Xəzər gözlə görünəcək qədər dayazlaşıb. Bunun nəticəsində insanlar zamanla dayazlaşmış yerlərdən köçəcək. Çünki biomüxtəlifliyə ziyan vurulur, canlılar tələf olur. Bu, böyük və ciddi fəsadlardır. Bütün bunlar hələ gördüklərimizdir. Təsəvvür edin hələ nə qədər görülməyən problemlər var".

M.Babayev Xəzərdə suyun azalmasının əsas səbəblərindən də danışıb:

"Əas səbəb çaylarda suyun azalmasıdır. Volqa çayında son illərdə kəskin azalma baş verib. Volqadan əlavə, Ural, Tereq, Samur, Kür çayında suyun səviyyəsi azalıb. Suyun istifadəsində digər ölkələrlə razılıqların olmaması Xəzərdə suyun kəskin azalmasına səbəb olub. Bundan başqa, böyük su anbarlarının tikintisi, eləcə də kənd təsərrüfatında sudan istifadə əsas səbəblərdəndir".

Prezidentin nümayəndəsi eyni zamanda iqlim dəyişikliyinə də toxunaraq sözügedən problemi başlıca səbəb kimi qiymətləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti