Ramin Məmmədov: Din xadiminin əsas missiyalarından biri cəmiyyətin mənəvi immunitetini qorumaqdır
- 21 oktyabr, 2025
- 12:28

Din xadiminin əsas missiyalarından biri cəmiyyətin mənəvi immunitetini qorumaq, radikal ideologiyalara qarşı müqaviməti formalaşdırmaqdır.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə keçirilən "İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu" mövzusunda regional konfransdakı çıxışında Komitənin sədri Ramin Məmmədov deyib.
O, ölkədə həyata keçirilən məqsədyönlü siyasət sayəsində sosial ədalət və milli həmrəyliyə əsaslanan inklüziv cəmiyyət quruculuğu modelinin formalaşdığını qeyd edib:
"Bu gün ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bərabərlik, sosial ədalət və milli həmrəylik siyasəti nəticəsində inklüziv cəmiyyət quruculuğu modeli formalaşıb. Bu modeldə fərqliliklərin harmoniya və qarşılıqlı etimad əsasında qiymətləndirilməsi əsas yer tutur.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial həssas qruplara, mədəniyyətə və mənəvi dəyərlərə xüsusi diqqət yetirərək tolerantlıq ənənələrinin qorunmasına mühüm töhfələr verir. Tarixi proseslərin sürətlə dəyişən məzmunu, ictimai münasibətlər sisteminin üzləşdiyi yeni çağırışlar fərqli bir dövrə qədəm qoyduğumuzu göstərir. Buna görə də biz artıq din xadimi haqqında ənənəvi stereotiplərin dəyişdiyini də müşahidə edirik.
Din xadiminin ən mühüm missiyalarından biri cəmiyyətin mənəvi immunitetini qorumaq, radikal ideologiyalara qarşı müqaviməti formalaşdırmaqdır".