Allahşükür Paşazadə "Dinlər Sülh Naminə" təşkilatının həm-prezidenti və Ümumdünya Şurasına üzv seçilib
- 04 sentyabr, 2025
- 15:51

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Naminə" təşkilatının həm-prezidenti və Ümumdünya Şurasına üzv seçilib.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
Qeyd edilib ki, A.Paşazadənin KAİCİİD Dinlərarası və mədəniyyətlərarası Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasında, Müsəlman Ağsaqqallar Şurasında üzvlüyünün ardınca "Dinlər Sülh Naminə" Təşkilatının həm-prezidenti məqamına seçilməyi dünyanın sivilizasiyalar və dinlərarası dialoq mərkəzi olaraq tanınan və qəbul edilən Azərbaycan dövlətinə verilən beynəlxalq dəyərin daha bir təzahürüdür.
Məlumat üçün bildirilib ki, "Dinlər Sülh Naminə" Təşkilatı dünyanın ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurumudur. 1970-ci ildə yaradılmış bu təşkilatda qəbul olunmuş qaydaya görə, quruma dünyanın müxtəlif ölkələrini, müxtəlif dinləri təmsil edən ən nüfuzlu din xadimləri rəhbərlik edirlər. Təşkilat 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 100-ə yaxın yerli Dinlərarası Şuraları ehtiva edir. Onlardan hər biri "həm-prezident" statusuna malikdir. Şeyxülislam A. Paşazadə təşkilatın Ümumdünya Şurasının 29 iyul 2025-ci il tarixdə İstanbulda keçirilən növbəti konfransında həm-prezident məqamına seçilib və bu barədə qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinə müraciət məktubu ünvanlayıb.
Vurğulanıb ki, "Dinlər Sülh Naminə" Təşkilatı Azərbaycanın multikulturalizm sahəsində örnək modeli və Bəhreyndə keçirilən İslamdaxili dialoq konfransında məzhəblərarası anlaşmanın Azərbaycan modeli kimi dünyaya təşviq edilən unikal təcrübənin geniş təbliği üçün daha bir sanballı beynəlxalq platforma olacaq.