Türkmənistan Prezidenti İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşlərinə üzvlüyü münasibətilə təbrik edib
- 16 noyabr, 2025
- 12:34
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması münasibətilə təbrik edib.
"Report"un Daşkəndə ezam olunan əməkdaşının məlumatına görə, Sərdar Berdiməhəmmədov bu barədə Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşündə açıqlama verib.
"Mən həmçinin İlham Heydər oğlu Əliyevi Azərbaycanın formatımıza tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik etmək istərdim", - o deyib.
S.Berdiməhəmmədov qeyd edib ki, təhlükəsizlik məsələləri Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq üçün prioritetdir. Bundan əlavə, regionun böyük potensialı iqtisadi əməkdaşlığın, xüsusən nəqliyyat, enerji, ticarət, istehsal və texnoloji əməkdaşlıq kimi strateji əhəmiyyətli sektorların daha da inkişaf etdirilməsini zəruri edir.
S.Berdiməhəmmədovun sözlərinə görə, Mərkəzi Asiya hazırda beynəlxalq əhəmiyyətli əsas nəqliyyat və tranzit dəhlizi hesab olunur.
"İqtisadi və investisiya fəaliyyətinin Şərqi və Cənubi Asiyaya, Yaxın və Orta Şərqə doğru dəyişməsi nəzərə alınmaqla, bu rolun yalnız artacağı artıq aydındır. Ölkələrimiz nəqliyyat əməkdaşlığını əhəmiyyətli dərəcədə intensivləşdirməlidirlər. Bunun üçün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasında effektiv və mənalı iştiraka başlamalıyıq", - o qeyd edib.
O, həmçinin vurğulayıb ki, Türkmənistan enerji tərəfdaşlığımızı gücləndirmək üçün daha əsaslı addımları müzakirə etməyə hazırdır.