"Neftçi"nin sabiq baş məşqçisi: "Azərbaycan millisi Fransa ilə oyunda bir xal qazana bilər"
- 16 noyabr, 2025
- 13:03
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda bir xal qazana bilər.
Bu barədə "Report"a "Neftçi" və "Mingəçevir"in sabiq baş məşqçisi Füzuli Məmmədov açıqlama verib.
48 yaşlı mütəxəssis yığmanın böyük hesabla uduzmayacağını söyləyib:
"Ukrayna ilə matçdan (4:0) sonra rəqib baş məşqçi Didye Deşamın müsahibəsini oxudum. Fransızlar dünya çempionatının final mərhələsində iştirakı rəsmiləşdiriblər. Mütəxəssis növbəti qarşılaşmada bəzi oyunçulara istirahət verəcəklərini də dedi. Düşünürəm ki, Fransa yığmasının heyətində kifayət qədər keyfiyyətli futbolçu var. Bəzi ulduz oyunçulara istirahət verə bilərlər. Əslində, heyətdəkilərin hamısı ulduzdur. Mbappe meydana çıxmırsa, başqası oynayacaq".
F.Məmmədov matçın Azərbaycan yığması üçün çətin keçəcəyini sözlərinə əlavə edib:
"Amma doğma meydanda oynayacağıq. Futbolçular artıq bir dəfə bu rəqibə qarşı mübarizə aparıblar, onları tanıyırlar. Məncə, bir xal qazana bilərik. Məğlub olsaq da, döyüşkən, əzmkar oyun göstərəcəyik. Düşünürəm ki, böyük hesab olmayacaq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa oyunu saat 21:00-da start götürəcək.