Nyu-Yorkda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert keçirilib
- 30 sentyabr, 2025
- 18:54

ABŞ-nin Nyu-York şəhərində görkəmli Azərbaycan bəstəkarı, dramaturqu, ictimai xadimi, Azərbaycanın Dövlət Himninin müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Nyu-Yorkda fəaliyyət göstərən "Azərbaycan Dağ Yəhudiləri" icmasının rəhbəri Yakov Abromovun təşkilatçılığı və ABŞ-də yaşayan tanınmış pianoçu-bəstəkar Ruslan Ağababayevin təşəbbüsü ilə baş tutub.
Konsertdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının nümayəndələri, ABŞ-də fəaliyyət göstərən diplomatik korpusların əməkdaşları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər. Musiqili gecədə çıxış edən "The Bukharian Times" qəzetinin baş redaktoru, musiqişünas Rafael Nektalov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə bəxş etdiyi zəngin irsdən, həmçinin yalnız Azərbaycanın deyil, ümumilikdə dünya bəstəkarlıq məktəbinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Gecədə ABŞ-də yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin ifasında müxtəlif kompozisiyalar səsləndirilib. Musiqili gecədə vokal ifaçıları Emin İsmayılov və Leyla bəstəkarın "Sənsiz", "Sevgili canan" romanslarını, "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarından parçaları təqdim ediblər.
Həmçinin ABŞ-nin müxtəlif ştatlarında yaşayan pianoçu Rustam Zeynalov və skripka ifaçısı David Marks Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndiriblər.
İfaçılar tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıblar.