Naməlum şəxslər Bundesverə məxsus təyyarəni pirotexniki vasitələrdən atəşə tutub
- 30 sentyabr, 2025
- 21:04

Bundesverə məxsus hərbi-nəqliyyat təyyarəsi Tselle şəhərində (Aşağı Saksoniya federal torpağı) aerodromdan havaya qalxan zaman naməlum şəxslər tərəfindən pirotexniki vasitələrdən atəşə tutulub.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 26-da saat 12:00 radələrində (Bakı vaxtı ilə 14:00) baş verib. Hücumu həyata keçirənlər "C-130" vura bilməyib, lakin pilotlar işıq saçması və daha sonra isə güclü partlayış hiss ediblər. Onlar dərhal aerodrom nəzarətçilərinə məlumat veriblər.
Almaniya Silahlı Qüvvələrindəki mənbələr nəşrə bildiriblər ki, hərbi təyyarələrin iştirakı ilə belə insidentlər son dərəcə nadir haldır. Hərbçilər və polis dərhal hadisə yerinə gəlsə də, şübhəlilərin yerini tapa bilməyib. Aerodrom ərazisi partlayıcı maddələr olması şübhəsi ilə axtarılıb, lakin şübhəli heç nə aşkar edilməyib.
Hazırda həm Bundesver, həm də polis araşdırma aparır.