Parisdə "Azərbaycanda minalar" adlı fotosərgi keçirilib
- 30 sentyabr, 2025
- 20:32

Fransanın paytaxtı Parisdə "Azərbaycanda minalar" adlı fotosərgi keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan-Fransa Dialoqu Assosiasiyası və Gilavar Foto klubunun birgə təşkilatçılığı ilə Parisin tanınmış "Respublika" meydanında baş tutan fotosərgi ilə yüzlərlə insan tanış olub.
Sərgiyə Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti Jerar Şesnel, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, professorlar da tamaşa ediblər.
Sərgidə Ermənistanın işğalı zamanı Azərbaycan torpaqlarına basdırılmış minaların qurbanlarının fotoları nümayiş olunub və müharibədən sonra minalardan zərər çəkmiş insanların həyatı, dağıdılmış torpaqlar və mülki əhalinin gündəlik qarşılaşdığı təhlükələr fotolar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
Fotosərginin məqsədi – mina təhlükəsinin dəhşətli nəticələrinə diqqət çəkmək və bunun müharibə cinayəti kimi tanınmasına çağırış etməkdir.