Naxçıvanın 2026-cı il büdcəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub

Digər
  • 30 oktyabr, 2025
  • 20:33
Naxçıvanın 2026-cı il büdcəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub

Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müşavirədə çıxış edən muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov bildirib ki, büdcənin gəlir mənbələrinin diversifikasiyası, yerli resursların daha səmərəli istifadəsi və fiskal sabitliyin qorunması vacib amildir.

O qeyd edib ki, büdcə layihəsi hazırlanarkən əsas məqsəd iqtisadi artımı stimullaşdırmaq, sosial rifahı yüksəltmək və infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsidir.

Baş nazir vurğulayıb ki, qarşıdakı il üçün büdcə siyasəti Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın hədəf və prioritetlərinə tam uyğun şəkildə formalaşdırılmalıdır.

Onun sözlərinə görə, 2026-cı ilin büdcəsində sosial istiqamətlərin gücləndirilməsi ön planda olacaq. Xüsusilə təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və sosial müdafiə sahələri əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu sahələrdə infrastrukturun təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayilov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək büdcə layihəsində planlaşdırılan gəlir və xərclər, əsas investisiya istiqamətləri, iqtisadi sektorlar üzrə prioritetlər barədə geniş məlumat veriblər.

Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Həmçinin muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müşavirənin yekununda 2026-cı il dövlət büdcəsi layihəsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti