Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3

Digər ölkələr
  • 05 yanvar, 2026
  • 22:08
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3

Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib.

"Report" xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək", - hakim bildirib.

"Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər", - məlumatda qeyd olunub.

İclas zamanı təqsirləndirilən şəxs hərbi oğurluğun qanuniliyi ilə bağlı problemlərə işarə edib. Maduro həmçinin hakimlərin diqqətini sağlamlıq problemlərinə yönəldib və həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib.

Siliya Floresin vəkili Mark Donnelli onun da sağlamlıq problemləri olduğunu vurğulayıb.

"Floresin qabırğalarında güclü əziklər var və ona lazımi qulluq göstərilməlidir", - o, müdafiə etdiyi şəxsin saxlanılması və ABŞ-yə daşınması zamanı zorakılığa məruz qaldığını göstərib.

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

"Report" "Sky News"ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.

"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.

Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.

"Report" "Sky News"ə istinadən xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir.

İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.

Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Maduronu və həyat yoldaşını məhkəməyə istintaq təcridxanasından Narkotiklərlə Mübarizə İdarəsinin agentlərinin müşayiəti ilə helikopterlə gətiriblər. Hər ikisi qolu qandallı və həbsxana paltarında olub.

Manhetten məhkəməsində bu gün ona qarşı irəli sürülən ittihamların tam siyahısı elan olunacaq.

Məhkəmə binasının ətrafında və daxilində ciddi təhlükəsizlik qaydaları həyata keçirilib, bütün yaxın yollar bağlanıb. Məhkəmənin Bakı vaxtı ilə saat 21:00-da başlanması gözlənilir.

Nikolas Maduronun işi 92 yaşlı federal hakim Alvin K. Hellerşteynə həvalə edilib. O, 2011-ci ildən bəri terrorizm və milli təhlükəsizliyə təhdid işlərini aparıb.

2025-ci ilin noyabrında Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli əməliyyatlarının keçirilməsinə icazə verib. Aylarla hazırlıqdan sonra 2026-cı il yanvarın 3-ü gecəsi ABŞ xüsusi təyinatlı qüvvələri Karakasda Fuerte-Tiuna kompleksində Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirib. Onları ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə təxliyə ediblər. Daha sonra narkoterrorizm ittihamları ilə məhkəmə üçün Nyu-Yorka gətiriblər. Gözlənilir ki, bu gün ona rəsmi ittihamlar irəli sürüləcək və Maduroya dörd ömürlük həbs cəzası verilə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti