Fermerlər Fransa paytaxtının mərkəzini bağlayıblar
- 08 yanvar, 2026
- 11:56
Fransada fermerlər paytaxt Parisdə ticarət meydanlarını və şəhər mərkəzinə gedən yolları traktorlarla bağlayıblar.
Bu barədə "Report" "France 24" və "Reuters" agentliyinə istinadən xəbər verir.
Onlar Cənubi Amerikanın MERCOSUR bloku ilə azad ticarət sazişinə etiraz edirlər.
Məlumata görə, "Coordination Rurale" həmkarlar ittifaqından olan fermerlər hesab ediblər ki, saziş ölkəni ucuz qida idxalı ilə doldura bilər.
"Biz narazılıq və ümidsizlik arasındayıq. Özümüzü tərk edilmiş hiss edirik. Bizi kosmik gəmi, "Airbus" və ya avtomobil naminə atıblar", - Vyendəki həmkarlar ittifaqının vitse-prezidenti Stefan Pelletye "Reuters" agentliyinə deyib.
Etiraz aksiyası Avropa Komissiyasının fermerlərə Aİ fondlarından 45 milyard avro ayırmağı təklif etməsindən və MERCOSUR-a dəstəklərində tərəddüd edən ölkələri inandırmaq üçün bəzi gübrələrə idxal rüsumlarını azaltmağa razılıq verməsindən bir neçə gün sonra keçirilib.
Sazişi Almaniya və İspaniya kimi ölkələr dəstəkləyir. Saziş üzrə səsvermənin cümə günü keçirilməsi gözlənilir.