Erdal Baxçıvan: "Azərbaycanla yaxın münasibətlərin ən mühüm elementi iqtisadiyyatdır"

İnfrastruktur
  • 31 oktyabr, 2025
  • 10:27
Erdal Baxçıvan: Azərbaycanla yaxın münasibətlərin ən mühüm elementi iqtisadiyyatdır

Bu il həm sülhün bərqərar olması, həm də Zəngəzur dəhlizinin formalaşması baxımından tarixi bir fürsətdir.

"Report" xəbər verir ki, bunu İstanbul Sənaye Palatasının başçısı Erdal Baxçıvan Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin ən nüfuzlu iş adamlarını əhatə edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvlərinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən genişmiqyaslı biznes görüşlərində bildirib.

Onun sözlərinə görə, dost və qardaş ölkə Azərbaycanla bir çox sahələrdə yaranmış yaxın münasibətlərin tamamlayıcısı kimi ən mühüm element iqtisadiyyatdır: "İqtisadiyyat dedikdə, bunu tamamlayan ən vacib hissə sənayedir. Çünki sənaye iqtisadiyyatın təməl daşı, iqtisadiyyatın ayrılmaz hissəsidir. Biz də Türkiyənin ən böyük sənaye təşkilatı – İstanbul Sənaye Palatası olaraq Türkiyənin aparıcı şirkətlərinin və sektorlarının nümayəndələrindən ibarət geniş sənaye heyəti ilə buradakı investisiya imkanlarını, işgüzar şəraiti görmək, yerində araşdırmaq, bu günə qədər formalaşdırdığımız əməkdaşlığı və inkişaf prosesini daha da irəliyə aparmaq həmçinin bu əlaqələrin gələcəkdə müxtəlif investisiya istiqamətlərinə çevrilməsi məqsədilə belə bir səfəri planlaşdırmışıq".

O qeyd edib ki, bu, Bakıya edilən sənaye yönümlü ən böyük və ən güclü səfərlərdən biridir: "Əlbəttə, bir anda nəticə əldə etmək asan deyil. Amma biz inanırıq ki, bizimlə gələn sənaye nümayəndələri burada baş verən inkişafı, xüsusən də gələcəkdə bu coğrafiyada yaranacaq imkan və perspektivləri düzgün qiymətləndirəcəklər. Eyni zamanda Türkiyədə qazandıqları təcrübəni və bilikləri investisiya məqsədilə Azərbaycana gətirəcəklər".

E. Baxçıvan həmçinin qeyd edib ki, bu il həm sülhün bərqərar olması, həm də Zəngəzur dəhlizinin formalaşması baxımından tarixi bir fürsətdir: "Çətin bir dövrdən sonra Azərbaycan dünyanın parlayan ulduzu olmaq yolunda çox mühüm bir mərhələyə qədəm qoyub. Biz Türkiyənin təcrübəli sənaye nümayəndələri olaraq bu prosesdə məsuliyyət daşıdığımıza, bu mühüm mərhələyə iqtisadi fəaliyyətlərlə və sərmayələrlə töhfə verməli olduğumuza inanırıq. Qarşıdakı dövrlərdə bu səylərin nəticəsini verəcəyinə və bir sıra uğurlu layihələrin həyata keçiriləcəyinə inanırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti