Azərbaycan və Türkiyə üçüncü ölkələrə ticarət dövriyyəsini daha da artıra bilər
- 31 oktyabr, 2025
- 10:41
 
                            
                            
                        Azərbaycan və Türkiyənin üçüncü ölkələrə istiqamətlənən birgə strategiyalar vasitəsilə ticarət dövriyyəsini daha da artırılmaq fürsəti var.
"Report" xəbər verir ki, bunu İstanbul Sənaye Palatasının başçısı Erdal Baxçıvan Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Palatanın Məclis üzvlərinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən genişmiqyaslı biznes görüşlərində bildirib.
Onun sözlərinə görə, hər iki ölkə daha böyük potensiala sahib olduğuna inanır: "Artıq Prezidentlərimizin qarşıya qoyduğu 15 milyard dollarlıq hədəf var. Bu hədəfin asanlıqla reallaşacağına inanıram. Xüsusilə qarşılıqlı investisiyalar və üçüncü ölkələrə istiqamətlənən birgə strategiyalar vasitəsilə bu rəqəmlərin daha da artacağını düşünürəm".
O qeyd edib ki, buna görə də Türkiyə sənayeçiləri və investorları bu regionun təqdim etdiyi imkanları çox yaxşı anlamalıdırlar: "Bu anlayış formalaşdıqca, qeyd etdiyimiz rəqəmlərin çox daha yüksək səviyyələrə çatacağına inamım böyükdür. Əlbəttə, Azərbaycanın da Türkiyədə çox dəyərli sərmayələri var. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə son illərdə investisiya yatıran ən önəmli və dəyərli xarici sərmayadardır. Bu, yalnız türk sənayeçilərinin Azərbaycanda həyata keçirdiyi sərmayə kimi deyil, həm də azərbaycanlı dostlarımızın Türkiyədə fərqli sahələrdə həyata keçirəcəkləri istehsal və layihələr üçün bir fürsət kimi qiymətləndirilməlidir".
E. Baxçıvan bildirib ki, ən vacib məsələ üçüncü ölkələrdə, qonşu dövlətlərdə və ya dünyanın fərqli regionlarında birgə nələr edə bicəyimizi, nələri inkişaf etdirə biləcəyimizə cavab tapmaqdır: "Çünki hər iki iqtisadiyyat bir-birini tamamlayan çox dəyərli resurslara və imkanlara malikdir".
