Viktor Lyaşko: Ukraynada habın yaradılması Azərbaycan şirkətlərinin Avropa bazarlarına çıxışını təmin edəcək
- 31 oktyabr, 2025
- 10:36
 
                            
                            
                        Ukrayna xalqı Rusiyanın başladığı müharibədən bəri humanitar sahədə göstərdiyi dəstəyinə görə Azərbaycana təşəkkür edir.
"Report"un məlumatına görə, bunu Ukraynanın səhiyyə naziri Viktor Lyaşko 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyalar Sərgisi ("Medinex 2025") çərçivəsində keçirilən "İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları" adlı sessiyada bildirib.
Nazir davam edən müharibəyə baxmayaraq, Ukrayna ilə əməkdaşlığı davam etdirməyə çağırıb.
"Biz Ukrayna şirkətlərinin yerli bazara çıxması üçün şərait yaratmaq, eləcə də Azərbaycan şirkətlərinin Avropa bazarlarına çıxışını təmin edəcək Ukraynada bir hab yaratmaq istəyirik", - o qeyd edib.
V.Lyaşkonun sözlərinə görə, Azərbaycan və Ukrayna arasında tibb sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq üzərində qurulmalıdır: "Qarşılıqlı fəaliyyət məhz tərəfdaşlıq kimi qurulduqda, biz hər iki ölkəyə - həm Ukraynaya, həm də Azərbaycana fayda gətirən təmas nöqtələrini tapırıq".
O, həmçinin bildirib ki, Azərbaycanın iqtisadiyyat və səhiyyə nazirləri ilə görüşlər keçirəcək. V.Lyaşko qeyd edib ki, bu görüşlərdə Kiev və Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün növbəti addımlar müzakirə olunacaq.
