WP: Tramp Rusiyadan neft idxalını dayandırmağa çağıraraq sanksiyaları gecikdirməyə çalışıb

Digər ölkələr
  • 14 sentyabr, 2025
  • 05:43
WP: Tramp Rusiyadan neft idxalını dayandırmağa çağıraraq sanksiyaları gecikdirməyə çalışıb

ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə Rusiya neftinin idxalını dayandırmaq çağırışı Qərbin Rusiyaya qarşı yeni sanksiyalar paketlərinin qəbulunu gecikdirmək üçün taktiki addım ola bilər.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

"Tənqidçilər bildiriblər ki, bu şərhlər Trampın Putinə təzyiq göstərərək Ukraynadakı müharibəni dayandırmaq cəhdlərini daha da gecikdirə bilər", – qəzet yazır.

Nəşr qeyd edir ki, Trampın sosial şəbəkələrdə səsləndirdiyi bu təklif, çox güman ki, 32 üzvdən ibarət NATO alyansının bir neçə ölkəsi tərəfindən dəstəklənməyəcək, çünki alyans üzvləri arasında hələ də Rusiyadan enerji idxal edən dövlətlər var.

"Türkiyə Rusiyadan neftin əsas alıcılarından biridir və müharibəyə baxmayaraq, Kreml ilə əlaqələri qorumağa çalışır. Trampın müttəfiqləri arasında olan digər iki ölkə – Macarıstan və Slovakiya isə enerji təchizatında fasilələrin qarşısını almaq üçün alternativ mənbələr axtarışında öz iqtisadiyyatlarını qorumağa çalışırlar", – məqalədə bildirilir.

Bununla belə, qəzet vurğulayır ki, Vaşinqtonda və Avropada Rusiyaya qarşı sərt mövqe tutan bəzi siyasətçilər şənbə günü Trampın sonuncu tələbinin Rusiyaya qarşı konkret tədbirlərdən yayınmaq üçün taktiki gediş kimi göründüyünü bildiriblər. Lakin onlar, eyni zamanda, Avropanın Rusiya enerji resurslarının alınmasını tamamilə dayandırmalı olduğunu da etiraf ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti