Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb
- 16 sentyabr, 2025
- 03:57

Sentyabrın 16-na keçən gecə Rusiya Zaporojye şəhərinə hava zərbələri endirib.
"Report"un xəbərinə görə, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, düşmən yalnız şəhərin özünə ən azı on zərbə endirib.
"Hücum nəticəsində fərdi yaşayış evləri və qeyri-yaşayış binaları dağıdılıb. Yanğınlar baş verib", – deyə Fedorov vurğulayıb.
O əlavə edib ki, avtomobillər zədələnib, bəzi evlərin pəncərələri sınıb, fasadlar zərər görüb.
Son məlumatlara görə, bir nəfər həlak olub, yeddi nəfər yaralanıb, onların arasında bir uşaq da var.
"Zaporojyeyə qarşı düşmən hücumu nəticəsində tibbi yardıma ehtiyacı olan insanların sayı artıb. Hadisə yerlərində təcili yardım briqadaları işləyir. Yaralılara zəruri tibbi yardım göstərilir", – deyə o əlavə edib.