Quterreş ölümcül avtonom silahlara qadağa qoymağa çağırıb

Digər ölkələr
  • 25 sentyabr, 2025
  • 03:48
Quterreş ölümcül avtonom silahlara qadağa qoymağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş süni intellektin artıq sülh və təhlükəsizliyə təsir etdiyini, qlobal tənzimləyici çərçivənin yaradılmasını və gücdən istifadə üzərində insan nəzarətinin təmin edilməsini tələb olunduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə o, BMT Təhlükəsizlik Şurasının süni intellektlə bağlı iclasında bildirib.

"Gəlin aydınlıq gətirək: bəşəriyyətin taleyini bir alqoritmin ixtiyarına buraxmaq olmaz. İnsanlar ölüm-dirim qərarları vermək səlahiyyətini həmişə əllərində saxlamalıdırlar", - Quterreş deyib. O, gələn ilə qədər "insan nəzarəti olmadan fəaliyyət göstərən ölümcül avtonom silah sistemlərini" qadağan edən qanuni qüvvəyə malik sənədin imzalanmasına çağırıb və vurğulayıb ki, nüvə silahından istifadə ilə bağlı istənilən qərar maşınlara deyil, insanlara verilməlidir.

Baş katib qeyd edib ki, son münaqişələr süni intellektə əsaslanan hədəfləmə sistemləri üçün sınaq meydançasına çevrilib və süni intellektdən istifadə edən kiberhücumlar kritik infrastrukturu bir neçə dəqiqə ərzində məhv edə bilər. O, həmçinin süni intellektin informasiyanın bütövlüyünü təhdid edən, cəmiyyətdə qütbləşməni gücləndirən və diplomatik böhranlara səbəb ola biləcək audio və video materialları hazırlamaq qabiliyyətindən narahatlığını ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti