Polşada polislər sabiq naziri Seymə gətirmək üçün onun evinə gediblər
- 29 sentyabr, 2025
- 11:51

Polşada polis əməkdaşları keçmiş ədliyyə naziri və baş prokuror Zbiqnev Zyobronu Seymin "Pegasus"la bağlı qalmaqalla əlaqədar istintaq komissiyasının iclasına gətirmək onun Varşava yaxınlığındakı evinə gediblər.
"Report" xəbər verir ki, bu barədə "RMF24" yerli polis idarəsinin mətbuat xidmətinə istinadən bildirib.
Polis əməkdaşları qapını bir neçə dəfə döyüblər, lakin bu, nəticə verməyib.
Bildirilir ki, sabiq nazir komissiyanı qanunsuz hesab etdiyi üçün iclasda iştirakdan imtina edir.
Z.Zyobronun özü deyib ki, o, saat 7:50-də Brüsseldən yola düşəcək və səhər saat 10-da Varşavaya çatacaq.
"Yəqin ki, bir çoxları üçün sirr deyil ki, bədxassəli şişin çıxarılması üçün çox çətin əməliyyatdan sonra Belçikada müxtəlif reabilitasiya prosedurlarından keçirirəm. Bu səbəbdən tez-tez Belçikada oluram. Həmçinin daxili işlər nazirinə çatdırmaq istərdim ki, Marçin Kervinski polis göndərərək qohumlarımı, dostlarımı ya da anamı və qonşularımı qorxutmasın, çünki mən orada olmayacağam", - o deyib.
Qeyd edək ki, Varşava məhkəməsi Z.Zyobronun "Pegasus" proqram təminatı ilə bağlı qalmaqalla əlaqədar ifadə vermək üçün Seymin istintaq komissiyasının iclasında məcburi iştirakını təmin etmək barədə qərar çıxarmışdı.