Pezeşkian müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb
- 15 sentyabr, 2025
- 12:48

İran Prezidenti Məsud Pezeşkian cari beynəlxalq məsələlərin, o cümlədən İsrailin regiondakı fəaliyyəti ilə bağlı məsələlərin birgə həlli üçün İslam ölkələrini həmrəyliyə çağırıb.
"Report" İran mediasına istinadən xəbər verir ki, bunu M.Pezeşkian İsrailin Dohaya zərbə endirməsi ilə bağlı vəziyyətin müzakirə olunacağı sammitdə iştirak etmək üçün Qətərə yola düşməzdən əvvəl bildirib.
Prezident region ölkələri arasında konsensusun və fəaliyyətlərin koordinasiyasının vacibliyini vurğulayıb.
"İslam ölkələri İsraillə əlaqələri kəsmək üçün iqtisadi, mədəni və sosial sahələrdə əməli tədbirlər görməlidir. Əgər biz müsəlmanlar bir olsaq, onlar (israillilər - red.) İslam ölkələrinə bu qədər asanlıqla hücum edə və dünya qanunlarını poza bilməzlər", - İran Prezidenti qeyd edib.
Xatırladaq ki, Dohada Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin növbədənkənar iclası keçirilir. Görüş İsrailin Fələstinin HƏMAS hərəkatının iqamətgahlarından birinə endirdiyi zərbəyə həsr olunub və insidentlə bağlı razılaşdırılmış mövqenin hazırlanması məqsədi daşıyır.