Merts: Almaniya gələn il Ukraynaya yardımı 11,5 milyard avroyadək artıracaq
- 26 noyabr, 2025
- 14:25
Almaniya 2026-cı ildə Ukraynaya dəstək üçün 11,5 milyard avro yönəltməyi planlaşdırır.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində gələn ilin dövlət büdcəsinə həsr olunmuş müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Avropada sülhün qorunması Almaniya hökumətinin əsas prioritetlərindən biridir. O, Ukraynada müharibənin dayandırılmasının və bunun kapitulyasiyaya bərabər şərtlər əsasında baş verməməsinin vacibliyini vurğulayıb.
Merts həmçinin Avropa ölkələri və ABŞ arasında birliyin vacibliyini qeyd edərək Ukrayna və Avropanın razılığı olmadan bu ölkədə həqiqi və davamlı sülh üçün heç bir əsasın olmayacağını deyib.
Kanslerin sözlərinə görə, Berlin Ukraynanı mümkün olduğu qədər uzun müddət dəstəkləyəcək, həmçinin Kiyevə yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını da nəzərdən keçirir.
2025-ci ildə Almaniya Ukraynaya təxminən 9 milyard avro məbləğində maliyyə yardımı göstərməyi planlaşdırır.