Məhəmməd Mustafa: Qəzza və İordan çayının Qərb sahili vahid bir bütöv və Fələstin dövlətinin yaradılması üçün əsasdır
- 21 noyabr, 2025
- 00:25
Qəzza və İordan çayının Qərb sahili Fələstin Dövlətinin tərkibində vahid siyasi və coğrafi məkan təşkil edir, iki dövlət əsasında həll isə regiondakı hər kəs üçün təhlükəsizlik və sabitliyə aparan yeganə real yoldur.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Brüsseldə Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa Aralıq dənizi məsələləri üzrə komissar Dubravka Şuytsa ilə birgə mətbuat konfransında bildirib.
Fələstin ilk donor konfransında milli islahat proqramının icrasında əldə olunan irəliləyişi təqdim edib və bu proqramın qrafikdən əvvəl həyata keçirildiyi vurğulanıb.
"Bu irəliləyiş gündəlik maliyyə təzyiqləri və İsrailin Fələstin Muxtariyyətini zəiflətməyə, onun fəaliyyətini və xalqımıza zəruri xidmətləri göstərmək imkanlarını məhdudlaşdırmağa yönəlmiş birbaşa siyasəti fonunda əldə olunur", – deyə M.Mustafa bildirib.
Baş nazirin sözlərinə görə, hökumət öz gəlirlərindən məhrum olunarsa, islahatları davam etdirə bilməz:
"Hazırkı maliyyə böhranı siyasi motivlidir. İsrail Fələstinin gömrük rüsumlarından gəlirlərini saxlayır ki, bu da maaşların ödənilməsini, xidmətlərin davamlılığını və həm Qəzzada, həm də Qərb sahilində sabitliyi təhlükə altına qoyur".
Öz növbəsində, komissar Şuytsa Fələstinin maliyyə problemlərinin həlli ilə bağlı suala cavabında bildirib ki, Aİ İsrailə təzyiq göstərir:
"Biz diplomatik kanallarımızdan və bütün siyasi kapitalımızdan istifadə edirik ki, İsraili bu vəsaitləri "azad etməyə" təşviq edək. Bu, çox mühüm addımlardan biridir, çünki söhbət 3–4 milyard avro məbləğindən gedir. Bu, kifayət qədər böyük və Fələstin Administrasiyasının möhkəm və sabit olması üçün zəruri məbləğdir", – deyə o vurğulayıb.