Makron: Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzərində birgə işləyir
- 17 noyabr, 2025
- 20:10
Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və onun "kölgə donanması"na qarşı mübarizədə birgə işləyir.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə brifinqdə bildirib.
Makron qeyd edib ki, Rusiya-Ukrayna müharibəsini 2027-ci ilə qədər başa çatdırmaq mümkün olacaq və Aİ-nin ABŞ və əsas tərəfdaşlarla birləşməsinin Rusiyaya təzyiqin davam etdirilməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Fransa lideri əlavə edib ki, Rusiyanın neft nəhənglərinə qarşı sanksiyaların tətbiqi "dönüş nöqtəsi"dir. Onun fikrincə, bu, Rusiyanın hərbi əməliyyatlarının üçdə birindən çoxunu maliyyələşdirən "kölgə donanmasına" qarşı tədbirlərin gücləndirilməsi ilə eyni vaxtda öz nəticəsini verməyə başlayacaq.