Qərbi Azərbaycan Xronikası: Bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır

Region
  • 17 noyabr, 2025
  • 22:13
Qərbi Azərbaycan Xronikası: Bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov olub. O, təmsil etdiyi İcmanın 2025-ci ildəki fəaliyyətindən, o cümlədən ölkə daxilində və xaricdə həyata keçirilən tədbirlərdən söhbət açıb.

Q.Qasımov deyib ki, beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanın əzəli sakinlərinin qayıdış hüququnu birmənalı dəstəkləyir.

Müsahib bildirib ki, bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır. Ona görə də Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab verməli, soydaşlarımızın geriyə qayıtma hüququnu tanımalıdır. Aparat rəhbərinin qənaətincə, rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir. Əgər Ermənistan cəmiyyətində hökm sürən revanşist əhvali-ruhiyyə davam edərsə, İrəvan Vaşinqtonda imzalanan sazişdən, ümumən sülhdən qaçarsa, o zaman bu ölkə daha böyük faciələrlə üzləşəcək.

Q.Qasımov qeyd edib ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına uyğun olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək, soydaşlarımızın geriyə qayıtmaq hüququ uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, qayıdış hüququ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir. Soydaşlarımızın qayıdış hüququ inkar oluna bilməz. O, cari ilin dekabr ayında Qərbi Azərbaycan məsələsinə dair ölkəmizdə sayca üçüncü beynəlxalq konfransın təşkil olunacağını da diqqətə çatdırıb. Bildirib ki, bu cür beynəlxalq konfranslar geriyə qayıdış hüququnun müzakirə olunduğu mühüm platforma, həqiqətlərimizin dünyaya çatdırılması üçün əlverişli imkandır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır

Son xəbərlər

Bütün Xəbər Lenti