Maduro: ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin resurslarını ələ keçirmək istəyir
- 03 sentyabr, 2025
- 07:57

ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaq istəyir.
"Report"un məlumatına görə, bu barədə Venesuela Respublikası Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"İmperializm Venesuela sahillərinə səkkiz hərbi gəmi, nüvə sualtı qayığı göndərir, üzərimizə 1 200 raket hədəfləyir - əsassız bəhanə ilə, ona heç kim inanmır, hətta Amerika gəncləri belə ABŞ Dövlət katibi Marko Rubionun yalanlarına inanmır", - Maduro deyib:
O əlavə edib ki, Rubio Ağ Evi, Mayami mafiyasını idarə edir və ABŞ Prezidenti Donald Trampın adını qanla ləkələmək istəyir.
Maduro ABŞ-nin Venesuelanın neftini, qazını, qızılını və digər faydalı qazıntılarını pulsuz əldə etmək niyyətində olduğunu bildirib. O hesab edir ki, təcavüzün əsas məqsədi "Latın Amerikasında ən böyük inkişaf layihəsinə - böyük xilaskar Simon Bolivarın layihəsinə, Venesuela nümunəsinə son qoymaqdır". Maduro ABŞ-nin məqsədinə çata bilməyəcəyini və suveren Venesuelada sülh, bərabərlik, demokratiya və azadlığın hökm sürəcəyini vurğulayıb.