Azərbaycan startaplarının əsas çətinlikləri açıqlanıb

İKT
  • 03 sentyabr, 2025
  • 15:32
Azərbaycan startaplarının əsas çətinlikləri açıqlanıb

Azərbaycanda süni intellekt, İT və rəqəmsal texnologiya layihələri qısa müddətdə geniş istifadəçi bazası qazanır, lakin qlobal rəqabət və ixtisaslı kadr çatışmazlığı onların inkişafını ləngidir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) startapların çətinlikləri ilə bağlı bildirilib.

Məlumata görə, hazırda Azərbaycanda startap ekosisteminə dövlət dəstəyi güclənir. Çünki, bu sahə daha çox dəstək mexanizmləri tələb edir. Prosesin davamlı olması, startapların uğur qazanması üçün maliyyə dəstəyi və investisiya imkanlarının artırılması, yeni dəstək alətlərinin və vençur fondlarının yaradılması vacibdir.

"Startap və innovasiya sahəsi ən çox investisiya tələb edən, eyni zamanda sərmayə qoyuluşunun ən sürətli geri dönüşünün təmin olunduğu, yüksək gəlir gətirən sahələrdəndir. Beynəlxalq təcrübə göstərir ki, startap ekosisteminə daha çox vəsait xərcləyən ölkələr daha çox uğur əldə edir. Startapların uğur və çətinlikləri sahələr üzrə fərqlənsə də, ortaq tərəflər də mövcuddur. Süni intellekt, İT və rəqəmsal texnologiya layihələri qısa müddətdə geniş istifadəçi bazası qazanır, lakin qlobal rəqabət və ixtisaslı kadr çatışmazlığı onların inkişafını ləngidir.

Aqrotexnoloji həllər kənd təsərrüfatında məhsuldarlığı artırır, amma fermerlər arasında rəqəmsal savadlılığın zəifliyi tətbiqi çətinləşdirir. Fintek startapları innovativ ödəniş və kredit həlləri ilə bazarda yer tutur, ancaq onların böyüməsi bir qədər ləng gedir. Elektron ticarət və logistika layihələri isə artan bazar tələbindən faydalanır, lakin yüksək rəqabət və müştəri loyallığının qorunması əsas sınaqlardandır. Ümumi çətinlik kimi isə maliyyəyə çıxış, xüsusilə də ilkin mərhələdə sərmayə imkanlarının məhdudluğunu qeyd etmək olar",-deyə məlumatda qeyd olunub.