Koşta: Avropa ABŞ-nin Aİ-nin daxili işlərinə müdaxilə etməsinə yol verməyəcək

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 17:18
Koşta: Avropa ABŞ-nin Aİ-nin daxili işlərinə müdaxilə etməsinə yol verməyəcək

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ABŞ-ni Aİ-nin daxili siyasi həyatına və demokratik seçiminə hörmət etməyə çağırıb.

"Report" "Anadolu" agentiyinə istinadən xəbər verir ki, o, bunu Parisdə keçirilən Jak Delor İnstitutunun illik konfransında bildirib.

"Əgər biz müttəfiqiksə, müvafiq şəkildə davranmalıyıq: müttəfiqlər bir-birinin daxili siyasi həyatına və demokratik seçiminə müdaxilə etmirlər", - A.Koşta bildirib.

O, Avropa və ABŞ-nin dünyagörüşündə fərqlər olduğunu və onların artıq beynəlxalq nizam barədə eyni baxışı bölüşmədiklərini təsdiqləyib.

"Biz hələ də çoxtərəfliliyin tərəfdarıyıq. Biz qaydalara əsaslanan beynəlxalq nizama, elmə və elmi azadlığa inanırıq və iqlim dəyişikliyi də daxil olmaqla qlobal çağırışları görməzdən gəlmirik", - Aİ Şurasının sədri vurğulayıb.

A.Koşta bildirib ki, ABŞ artıq çoxtərəfliliyə və qaydalara əsaslanan beynəlxalq nizama inanmır və iqlim dəyişikliyini "yalan" hesab edir.

"Biz Avropanın siyasi həyatına müdaxilə təhdidini qəbul edə bilmərik. ABŞ hansı partiyaların yaxşı, hansıların pis olması qərarında Avropa vətəndaşlarını əvəz edə bilməz. Bundan başqa, biz Ukraynanın suverenliyinin, öz müqəddəratını təyinetmə hüququnun və bərpa edilmiş sərhədlərinin şübhə altına alınmasına yol verə bilmərik ", - o xəbərdarlıq edib.

Aİ Şurasının sədri, həmçinin, dünyada öz yerini tutmaq və beynəlxalq arenada güclü mövqeyə sahib olmaq üçün dünyanın ticarət mərkəzinə çevrilməyin vacibliyini vurğulayıb.

A.Koşta qeyd edib ki, blok qloballaşmanın dünya miqyasında kifayət qədər çoxlu sayda yeni güclərin yaranmasına səbəb olduğunu başa düşməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti