KİV: Almaniya Ordusu NATO-nun məqsədlərinə çatmaq üçün daha 100 min əsgərə ehtiyac duyur
- 12 sentyabr, 2025
- 06:07

Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO-nun müdafiə qabiliyyətini artırmaq məqsədilə yeni hədəflərinə çatmaq üçün əlavə 100 min hərbçiyə ehtiyac duyur.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məxfi sənədlərə istinadən yazır.
"Ordunun 2029-cu ilə qədər müharibəyə kifayət qədər hazır olması və Almaniyanın 2035-ci ilə qədər NATO-ya vəd etdiyi imkanları təmin etməsi son dərəcə vacibdir", - Bundesverin general-leytenantı və Quru Qoşunlarının müfəttişi Alfons Mais Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Broyerə məktubunda yazıb.
O qeyd edib ki, hazırda təsdiq edilmiş 183 min nəfərlik şəxsi heyətlə bu məqsədlərə nail olmaq mümkün deyil.
Eyni zamanda, Mais Almaniya Silahlı Qüvvələrinin sayını 2029-cu ilə qədər təxminən 45 min nəfər artırmağa çağırıb.Bundan əlavə, NATO-nun iyun ayında keçirilən sammitdə razılaşdırılmış məqsədlərinə nail olmaq üçün Mais Almaniyanın 2035-ci ilə qədər daha 45 min fəal hərbçiyə ehtiyac duyacağını proqnozlaşdırır.
Öz növbəsində, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi sənədin məxfiliyini əsas gətirərək şərh verməkdən imtina edib. Onun sözlərinə görə, NATO Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hədəf göstəricilərinə düzəlişlər edib.
"İlk təxmini hesablamaya görə, Almaniyadan ümumilikdə 460 minə yaxın hərbçi, o cümlədən 260 min aktiv hərbçi və 200 minə yaxın ehtiyatda olan hərbçiyə ehtiyac olacaq", - o deyib.