Kaya Kallas: Brüssel ABŞ-nin Ukrayna ilə bağlı yeni planının detallarını bilmir
- 20 noyabr, 2025
- 12:57
Avropa İttifaqı (Aİ) ABŞ-nin Ukrayna böhranının həlli ilə bağlı yeni planı haqqında məlumatlı deyil, çünki onun hazırlanmasında iştirak etməyib.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə bildirib.
"Mən bu barədə heç nə bilmirəm. Hər hansı bir planın işləməsi üçün ukraynalıların və avropalıların razılığı və dəstəyi tələb olunur", - o qeyd edib.
Onun sözlərinə görə, iclasda müzakirə olunacaq mövzulardan biri də Aİ-nin Rusiya ilə əlaqəli hesab etdiyi gəmilər olacaq.
"Biz "kölgə donanması" ilə bağlı daha nə edə biləcəyimizi müzakirə etməyi planlaşdırırıq. Çünki bu, həqiqətən də Rusiyanın gəlirlərinə təsir edir", - K.Kallas bildirib.
Daha əvvəl ABŞ administrasiyasının Ukrayna nizamlanması üçün yeni plan hazırlayarkən Rusiya ilə gizli məsləhətləşmələr apardığı bildirilmişdi. Məlumata görə, plan dörd əsas tərkib hissəsi üzrə 28 bənddən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.